Hökumət gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsini öz üzərinə götürüb.
Metroda hər bir sərnişinin daşınma xərci hazırkı gediş haqqından (20 qəp.) artıqdır. Bu da dövlət tərəfindən ayrılan dotasiya hesabına ödənilir.
Bu barədə Qizilpero.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev metroda gediş haqqının artırılıb-artırılmayacağı barədə sualı şərh edərkən bildirib.
N.Paşayevin sözlərinə görə, bununla yanaşı Bakı Metropoliteni qiymət artımına qarışmır.
“Çünki bu, Tarif Şurasının səlahiyyətindədir. Bakı Metropoliteni qiymət artımı ilə bağlı heç bir müzakirə aparmır,” - deyə o bildirib.
Qeyd edək ki, Maliyyə Nazirliyi tərəfindən yayılan “Vətəndaşın büdcə bələdçisi”ndə bildirilir ki, “hazırda metroda gediş haqqı 20 qəpik təşkil edir”.
“Lakin real olaraq hər bir sərnişinin daşınması nisbətən baha başa gəlir”, - deyə, nazirlik vurğulayır.
Maliyyə Nazirliyinin məlumatında o da qeyd olunur ki, dövlət Bakı Metropolitenindən əhalinin ən çox aztəminatlı hissəsinin istifadə etdiyini nəzərə alaraq, real gediş haqqı xərcinin qalan hissəsinin ödənilməsini öz üzərinə götürüb.
Bu məqsədlə 2015-ci ildə Bakı Metropoliteninə 38 milyon manatın ayrılması da proqnozlaşdırılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?