[b]Ağcabədidə insanlar artıq haqsızlıqlara dözə bilmirlər[/b]
Ağcabədi rayonu Şənlik kəndinə məxsus 4 saylı Dəlləkli-Muğanlı torpaq sahəsində Laçından köçkün düşmüş ailələr məskunlaşıblar. Həmin ərazidə onlar əsasən maldarlıqla məşğul olur. Əldə etdikləri ət, süd məhsullarını da Ağcabədinin yerli bazarında satırlar. Hətta yerli süd zavoduna da məhsul verirlər. Ərazi çox genişdir və əsasən düzənliklərdən ibarətdir. Hava yağmurlu olduqda isə bu əraziyə gediş-gəliş məhdudlaşır. Düzənliyin bir tərəfi Kür çayına gedib çıxır. Ancaq köçkünlər bu əraziləri itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Onlara deyilib ki, bir şirkət bu əraziləri icarəyə götürüb və orada taxılçılıqla məşğul olmaq istəyir. İndi Laçın köçkünlərindən ərazini tərk etmələri tələb edilir. Ərazidə yaşayan 74 yaşlı Ağcabədi rayonu Şənlik kəndinin sakini: “Biz Laçın rayonunun Qarakeçid kəndindənik. Köçkün düşəndə biz gəlib Şənlik kəndinin bu insan yaşamayan ərazisində məskunlaşdıq. Biz bura gəldiyimiz vaxtdan mal-qara saxlayıb dolanmışıq. Uzun illərdən sonra indi bir şirkət peyda olub, gəlib bizə deyir ki, bu torpaq mənimdir, siz buradan çıxmalısınız. Açığı, bilmirik nə edək. Biz bilirik ki, bu işi edənlər yerli məmurlardır. Cənab prezidentin bu işdən xəbəri yoxdur. Bizə buradan çıxmaqla bağlı hər hansı kompensasiya təklif olunmayıb. Biz burada 8 ailə yaşayırıq və ümumilikdə 80 baş iribuynuzlu mal-qaramız var. Bu şirkət bizi hər tərəfdən mühasirəyə alıb və artıq heyvan otarmaq üçün demək olar ki, yerimiz qalmayıb. Bütün əraziləri şumlayıblar. Biz əldə etdiyimiz məhsulu satıb birtəhər dolanırıq. Dədə-babadan mal-heyvanla dolanmışıq. Torpaqlarımızı əlimizdən alsalar, biz məhv olacağıq. Yaşaya bilməyəcəyik. Müharibə vaxtı bizdən əsir düşən də olub, ölən də. Mən özüm vuruşmuşam, indi nə edək taleyimiz belə gətirdi. Biz azsaylı xalqıq, kürdük. Dəfələrlə rayon rəhbərliyinə, torpaq şöbəsinin müdirinə, pambıq zavodunun müdirinə demişik. Xahiş etmişik ki, belə haqsızlıq etməyin, xeyri yoxdur, öz bildiklərini edirlər. Mən özüm şerə, sənətə, saza-sözə yaxın adamam, kitabım da nəşr olunub. Ulu öndərin oğlu İlham Əliyev ədalətli adamdır. İnşallah, bizə rəhm edəcək. Bütün bunlar rayon rəhbərinin, torpaq şöbəsinin müdirinin əli ilə edilir”. Digər köçkün İlyas Məmmədov: “Mənim hesabıma görə, burada təxminən 40 hektara yaxın sahəmiz var. İki oğlum, bir kürəkənim yanımda məskunlaşıb. Axır birtəhər dolanırdıq. İndi bu ərazilər başqa adamlara verilib və həmin 40 hektar yerimiz də əlimizdən alınmaq üzrədir. Axı belə olsa biz dolana, yaşaya bilməyəcəyik. Əlimizdən nə alver gəlir, nə də ki, başqa iş. Heyvan saxlamağa yer lazımdır, onu da əlimizdən zorla alırlar”. Bərzani Axundovun dedikləri: “Bu ərazidə “Qırmızı kitab”a düşmüş yulğun ağacları var. Rəhmətlik ulu öndər Heydər Əliyev deyib ki, ağac mənim sağ qolumdur. Burada minlərlə hektar meşələri ağır texnika ilə məhv elədilər. Hansısa məmurlar burada taxıl əkəcək. Hansı ki, bu torpaqlar pambıq üçün nəzərdə tutulub. Bu işi həyata keçirənlər deyir ki, bu iş dövlət proqramına uyğun həyata keçirilir. Onlar deyir ki, ölkədə taxıl qıtlığıdır, ona görə bu ərazilərdə meşəliklər məhv edilib yerində taxıl əkilir. Ya bizi başqa əlverişli yerə köçürsünlər, orada öz mal-qaramızı saxlayaq, ya da bizə dəyməsinlər”. Biz ərazidə olanda qızğın iş gedirdi. Ərazidə işləyən traktorçu deyirdi ki, su nasosu üçün yer tikirlər. Əraziyə Kürdən su çəkiləcək. Traktorçuların sözlərinə görə, ərazidə artıq 5 aydır iş gedir. Ancaq onlar işin sifarişçisinin kim olduğunu bilmirdilər. Köçkünlərin şikayətlərinə münasibət öyrənmək üçün icra hakimiyyətinə yollandıq. Başçının humanitar məsələlər üzrə müavini Əbülfət Tapdıqovla danışa bildik. Ancaq o, bu məsələdən xəbərsiz oludğunu dedi. Bizə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinə müraciət etməyimizi məsləhət bildi. Biz də başçının aqrar məsələlər üzrə müavini Leyla Əsgərova ilə telefon əlaqəsi saxladıq. O isə telefonla danışmaq istəmədiyini bildirdi. Daha sonra rayon torpaq şöbəsinin müdiri Abbas Süleymanova üz tutduq. Onun cavabı belə oldu: “Laçından olan köçkünlərin torpaqları özlərindədir. Həmin ərazilərdə başqa təsərrüfatlar yaranıb və torpaqlar onlara verilib. Yenə deyirəm, köçkünlərin istifadəsində olan torpaqlara toxunulmur. Heç bu nəzərdə belə tutulmayıb. 100 hektar onların torpağı var, bəs eləmir? Orada işləyən təsərrüfatların hamısı dövlət proqramına uyğun yaradılmış təsərrüfatlardır. Həmin ərazilərdə pambıq, buğda, arpa əkiləcək. Təsərrüfatların kimlərə məxsus olduğunu bilmirəm, deyə bilmərəm. Nə əcəb laçınlılar sizə deməyib?” Abbas Süleymanov deyir ki, o, rayon rəhbərliyinin tapşırıqları əsasında işləyir: “Bilirsiniz rayonun rəhbəri var. Mən kiməm?! Mənə nə deyirlər onu da edirəm. Lazımi yerlərə rəsmi şəkildə müraciət olunub, əlaqədar qurumlarla razılaşdırıldıqdan sonra Kür çayının əsas hissəsindən yarılaraq su nasosu tikilməsi üçün işlər aparılıb. Hazırda iş yekunlaşmaq üzrədir. Gələcəkdə həmin sahələrin suvarılması üçün bu vacibdir. O insanların kifayət qədər torpaqları var. Həm də ki, cəmisi orda iki ailə yaşayır. Ayıbdır, yalan danışmasınlar”. [b]Fərid[/b]
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?