TÜRKSOY tərəfindən təşkil edilən mərasim Tatarıstan Opera və Balet Teatrında keçiriləcək
Aprelin 26-da Tatarıstan Respublikasının paytaxtı Kazan şəhəri 2014-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı olaraq elan ediləcək. Ötən il türk dünyasının paytaxtı olmuş Əskişəhirdən bir heyət aprel ayının sonları Kazana gedərək mərasimlə öhdəliklərini bu şəhərə təhvil verəcək. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil edilən bu mərasim Tatarıstan Opera və Balet Teatrında keçiriləcək. Mərasimdə türk dövlətlərinin nümayəndələri iştirak edəcək. Mərasim tarixinin aprelin 26-a təyin olunmasının da xüsusi səbəbi var. TÜRKSOY-un Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi nümayəndəsi Lilia Səttarova həmin günlə bağlı bunları bildirib: "Bu tarixin seçilməsi təsadüf deyil. 26 aprel böyük tatar şairi Abdullah Tukayın doğum günüdür. Bu münasibətlə Kazanda hər il anım günləri, müxtəlif tədbirlər həyata keçirilir. Şairin abidəsinə çələnglər qoyulur, şairlər bir araya gəlib şeirlərini oxuyurlar. Bu il də belə olacaq. Tatarıstan Opera və Balet Teatrında Tatar sənət birliklərinin iştirakı ilə konsert keçiriləcək. Kazandakı tədbirdə Azərbaycan nümayəndə heyətinin də iştirakı gözlənilir. Tatar Yazıçılar Birliyinin dəvəti ilə ölkəmizdən şair və yazıçılar da tədbirə qatılacaqlar."
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?