Bu gün Bakı vaxtı ilə saat 20:30 radələrində Rusiyanın Tatarıstan Muxtar Respublikasının paytaxtı olan Kazanda “Boeing-737” sərnişin təyyarəsi qəzaya uğrayıb.
Virtualaz.org Rusiya qaynaqlarına istinadən xəbər verir ki, təyyarə Moskva-Kazan reysi ilə uçurmuş və “Domodedovo” aeroportundan havaya qalxıbmış.
Qəza təyyarə Kazan aeroportuna enərkən baş verib. Bəzi məlumatlara görə, təyyarə havada partlayıb, digər məlumata görə isə enmək üçün ikinci dövrəni vuranda yerə çırpılıb. Təyyarədəki 50 sərnişin və heyət üzvünün hamısı həlak olub.
“Rosaviasiya”dan bildirilir ki, təyyarə enmək üçün üç dəfə dövrə vurub, üçüncü cəhddə yerə çırpılıb və partlayıb.
Rusiya prezidenti Vladimir Putin qəza ilə bağlı təcili komissiyanın yaradılmasını tapşırıb. Hadisə yerindən həlak olanların hamısının cəsədlərinin tapıldığı bildirilir.
Artıq internetdə sərnişinlərin siyahısı da yayılıb. “Life News” agentliyi həlak olan 44 sərnişin və 6 heyət üzvünün adlarını açıqlayıb. Agentliyin yaydığı siyahıda Tatarıstan prezidenti Rüstəm Minnixanovun oğlu İrek Minnixanovun da adı yer alır. Lakin rəsmi qaynaqlar hələ prezidentin oğlunun həlak olanlar arasında yer aldığına dair məlumat yaymayıb. Təyyarə “Tatarıstan” hava yolları şirkətinə aid olub.
Sorğu
Yeni dizaynımız necədir?