İsmayıllının keçmiş başçısının zavodunda işləyənlər yenə etiraza qalxdılar Ötən gün İsmayıllının İvanovka kəndinin bir qrup sakini etiraza qalxıb. Etiraz edənlər İsmayıllının sabiq icra başçısı Nizami Ələkbərova məxsus çörək zavodunun işçiləri olub. Aylardır maaşlarını ala bilməyən işçilər axşam saatlarında bir yerə yığışaraq zavod rəhbərliyinə etirazlarını bildiriblər. Bundan öncə də problemlərini mətbuatda qaldıran ivanovkalılar zavodun direktoru Vaqif Soltanovdan şikayət edərək onun tərəfindən aldadıldıqlarını deyiblər. “Bundan əvvəl mətbuat bizim narazılığımızdan yazdı, Vaqif müəllim elə həmin gün maaşımızı verdi. Dedi ki, səsinizi kəsin, pullarınız bundan sonra vaxtında veriləcək. Biz də onun sözünə inandıq. Üstündən neçə ay keçsə də, yenə pullarımızı vermirlər. Hər dəfə maaşımızı istəyəndə Vaqif Soltanov bizi acılayaraq işdən qovacağı ilə hədələyir. Kasıb adamlarıq, evə bir tikə çörək apara bilmirik. Dərdimizi kimə deyək?”-deyə işçilər şikayətləniblər. Sadə ruslar İsmayıllının deputatına üz tutaraq onlara kömək etməyini xahiş ediblər: “Biz deputatımıza müraciət edirik ki, bizə kömək olsun. İnanın ki, biz məcburuq burda işləməyə. Rəhbərlik pulumuzu vermir, üstəlik bizimlə normal şəkildə rəftar da etmir. Heç olmasa desə ki, pulumuz yoxdu, gözləyin, biz gözləyərik, amma onlar bizi aldadırlar. Deyirlər vermirik, xoş deyil çıxın işdən”. Kənd sakinləri iş rejiminin ağırlığından da gileyləniblər. Bildiriblər ki, normal halda gündəlik iş rejimləri minimum 12-14 saatdır. Sakinlərin narazılığını araşdırmaq üçün zavodun rəhbərliyi ilə əlaqə saxlamağa çalışdıq. Bildirildi ki, ötən günkü narazılıqdan sonra Vaqif Soltanov Bakıya gedib. Qeyd edək ki, sabiq icra başçısına məxsus zavod Avira MMC adı ilə fəaliyyət göstərir. Zavodun tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1,5 milyon manata yaxın güzəştli kredit verilib. N. KƏRİMLİ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?