Son illər Təhsil Nazirliyi saxta diplomların aşkara çıxarılması və belə diplomlarla işləyən müəllimlərin tədris müəssisələrindən uzaqlaşdırılması istiqamətində ciddi tədbirlər görür və bu da öz nəticəsini verir. Sən demə, belə saxta diplomlarla hətta məktəb direktoru olanlar da var imiş. Pedaqoji qayda-qanunları bilməyən belələri məktəbə özlərinin şəxsi obyektləri kimi baxırlar. Onları təlim-tərbiyə yox, şəxsi maraqları daha çox maraqlandırır. Belə saxta diplomlu məktəb direktoru Saatlı rayonunda Qırağlı natamam orta məktəbinə “rəhbərlik edən” Zülfiyyə Əzimovadır. Əvvəlcədən qeyd edim ki, bu məktəbə əvvəllər Züfiyyə Əzimovanın qayınatası Tahir müəllim direktorluq edib. Tahir müəllim rəhmətə gedəndən sonra Zülfiyyə müəllimə deyib ki, qayınatamın yerində özüm olacağam. Ona başa salıblar ki, sənin diplomun Rusiyanın şəhərlərinin birindən alınıb. Hələ bu diplomu Təhsil Nazirliyi tanımalıdır. Ondan sonra baxaq görək, səni hələ sıravi müəllim kimi bu məktəbdə saxlamaq olar, ya yox? Zülfiyyə Əzimova isə deyib ki, iki dünya bir ola, direktor özüm olacağam. Uzun dava – dalaşdan sonra qayınatanı gəlini əvəz edib. Hətta bu barədə Təhsil Nazirliyinin əmri də olmayıb. Həmin vaxtdan başlayaraq saxta diplomlu direktor məktəbi fermer təsərrüfatı kimi idarə edib. Bunu görən valideynlər uşaqlarını yavaş-yavaş məktəbdən uzaqlaşdırıblar. İndi bu məktəbə gələn uşaqları barmaqla saymaq olar. Məktəbdə təlim-tərbiyə işlərinin səviyyəsi elə vəziyyətdədir ki, son 5 ildə bir şagird də kollecə və ya digər yerə qəbul olunmayıb. Şagirdlərin rayon olimpiadalarında iştirakı da gülünc vəziyyətdədir. Çünki məktəbdə şagird tapılmır ki, onları olimpiadalara da apara bilsinlər. 9-cu sinfin buraxılış imtahanlarında direktorun “məktəb bazarında” alış-veriş bol olur. Kim şəhadətnamə almaq istəyirsə, mütləq qabaqcadan Zülfiyyə Əzimova ilə sövdələşmə aparmalıdır. Direktoru təhsildən çox işçilərin aldığı əmək haqqı maraqlandırır. Ştatların əksəriyyəti direktorun qohumlarının adınadır. Onların əmək haqqı barədə məlumatları yoxdur. Çünki əmək haqqı kartları Zülfyyə Əzimovada və ya onun həyat yoldaşındadır. Məktəbə ayrılan maliyyə vəsaitinin yarıdan çoxu direktora çatır. Saxta diplomlu məktəb direktorunu məktəbdə tapmaq da problemə çevrilib. Ölkəmizdə təhsilə göstərilən diqqət, yetişən gənc nəslin savadlı böyümələri Saatlı rayonunun Qıraqlı kəndinə də aiddir. Görəsən saxta diplomlu direktor nə vaxta qədər bunu dərk etməyəcək. Nəhayət onu başa salan tapılacaqmı ki, bura dövlətin məktəbidir, sənin şəxsi təsərrüfatın deyil. Axı bu uşaqlar yazıqdır. Onların da normal təhsil almaq hüquqları var. Bir də ki, işçilərin əmək haqqı kartları özündə olmalıdır. Direktorda və ya onun həyat yoldaşında yox. Məktəbə müəllimlərin işə qəbulunu da Zülfiyyə Əzimiova özü aparır. Baxmayaraq ki, son illər müəllimlər Təhsil Nazirliyinin test müsabiqəsindən keçəndən sonra işə qəbul olunurlar. Qıraqlı natamam orta məktəbində isə müəllim kimi işə qəbul olunmaq üçün mütləq saxta diplomlu direktorun “testindən” keçmək kifayətdir. Daha Təhsil Nazirliyinə ehtiyac yoxdur. Akif Mehdiyev Saatlı
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?