Son günlər mətbuatda Hesablama Palatasının hesabatına istinadla dövlət müəssisələrində ciddi yeyinti faktları tirajlanmaqdadır. Korrupsiyaya uğramış dövlət qurumlarının siyahısı kifayət qədər genişdir - Xarici İşlər Nazirliyindən tutmuş Gənclər və İdman Nazirliyinə qədər. Hesablama Palatası bu qurumlarda dövlət sifarişlərinin icrasında mənimsəmə faktlarını öz sənədinə daxil edib. Maraqlı nüans ondan ibarətdir ki, məlumatlar ictimailəşəndən sonra korrupsiyada şübhəli bilinən strukturlar faktları təkzib etməyə çalışdılar. Adı korrupsiyada hallanan bəzi nüfuzlu dövlət qurumları, məsələn, Xarici İşlər Nazirliyi hətta Hesablama Palatasını da təkzib kampaniyasına qoşa bildi. Ancaq faktlar tirajlandıqca Hesablama Palatası da geri çəkilməyə məcbur oldu. Nə baş verir? Palatanın 2013-cü il üzrə hesabatı əsasən qurumun sabiq rəhbəri, hazırda kənd təsərrüfatı naziri postunu tutan Heydər Əsədovun dövründə hazırlanıb. H.Əsədov nəqliyyat naziri Ziya Məmmədovla quda, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla isə yaxın olduğundan hakim elitada daha çox nüfuz sahibi sayılırdı. Bu səbəbdən dövlət qurumlarındakı maliyyə axınlarına daha çox müdaxilə edə, pozuntuları aktlaşdıra bilirdi. Düzdür, H.Əsədovun da dövründə qurumun işi arzuolunan səviyyədən çox uzaq olub. Ən azı ona görə ki, nazir-oliqarxların nəzarətində olan maliyyə axınlarına o müdaxilə edə bilmirdi. Ancaq imkanlar daxilində müəyyən monitorinq aparırdı. Hesablama Palatasının yeni rəhbəri Vüqar Gülməmmədov isə bu baxımdan zəif fiqurdur. O, hakimiyyətdəki texnokratlar qrupuna daxildir və güclü siyasi himayədarı yoxdur. Bu səbəbdən də maraqlı qruplar öz hesabatını onun özünə təkzib etdirə bilir. Ancaq təbii ki, müəyyən həddədək. Çünki hesabat artıq Milli Məclisdə təsdiq edilib və bundan sonra maraqlı qrupların iradəsindən asılı olmayaraq hüquqi addımlar atılmalıdır. Hesablama Palatasının mandatına uyğun olaraq maliyyə monitorinqinin nəticələri Maliyyə Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edilməlidir. Bu baxımdan hesab etmək olar ki, yaxın vaxtlarda sənədə uyğun olaraq antikorrupsiya dalğasına start veriləcək, məmurlar da bundan qorxuya düşərək hesabatı təkzib etməyə çalışırlar. Hesablama Palatasının təkzib kampaniyasından çəkilməsi və faktların TV-lərdə belə tirajlanması göstərir ki, siyasi hakimiyyət özü bu faktların ictimailəşməsində maraqlıdır. Qurumun “qara siyahı”sında olan dövlət qurumlarının siyahısına qısaca nəzər salaq: - Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizatı Mərkəzində 100 min manat “yoxa çıxıb”; - Səhiyyə Nazirliyinin Elmi Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunda 65 min manatlıq büdcə vəsaiti mənimsənilib; - 3 saylı Şəhər Klinik Xəstəxanasında aşkar olunan mənimsəmə halının həcmi isə 115 min manata yaxın olub; - Səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrolizinq” ASC-də dövlət vəsaiti hesabına alınan superfosfat gübrəsinin 70 faizi, 2 min ton azot gübrəsinin 1486 tonu mənimsənilib. Kənd təsərrüfatı texnikası üzrə filialın kredit borcu yaranıb və illər üzrə artığı müəyyən edilib. Bəzi vəzifəli şəxslərə 1 illik lizinq yolu ilə verilən 17 ədəd texnikalar sonradan ASC-nin balansına qaytarılmayıb. ASC-nin Horadiz Aqroservis Filialında 110 min manat mənimsənilib; - Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində aparılan auditdə 1,3 milyon manat həcmində korrupsiya faktı aşkarlanıb; - “Azəristiliktəchizat” ASC-də 1,2 milyon manatlıq korrupsiya faktı üzə çıxarılıb; - Xarici İşlər Nazirliyi aparatının saxlanılması üçün ayrılan vəsaitlərin auditi zamanı 110 min manatdan çox pulun mənimsənilməsi faktı aşkarlanıb; - Diasporla İş üzrə Dövlət Komitəsində də 235,3 min manatlıq yeyinti aşkarlanıb; - Dövlət Aqrar Universitetində 230-ə yaxın “ölü” ştat üçün əməkhaqqı ödənilib, 270 min manatlıq büdcə vəsaiti talan edilib; - Azərbaycan Turizm Universitetində 190 min manat mənimsənilib; - Heydər Əliyev adına liseyin rəhbərinin 110 min manata yaxın dövlət vəsaitini mənimsədiyi aşkar olunub; - Ü.Hacıbəyov adına yeddi illik Uşaq Musiqi məktəbində 93 min manatlıq korrupsiya halı müəyyən edilib; - Gənclər və İdman Nazirliyinə həvalə olunan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramının icrası zamanı nə az, nə də çox - düz 1,2 milyon manat vəsait mənimsənilib. Göründüyü kimi, kifayət qədər böyük məbləğli dövlət vəsaitlərinin mənimsənilməsindən söhbət gedir. Əgər o qədər də böyük dövriyyəsi olmayan bir neçə dövlət müəssisəsi 4-5 milyon manatı mənimsəyibsə, onda ölkədə korrupsiyanın ümumi mənzərəsini təsəvvür etmək çətin olmaz. Əgər bu faktlara görə cinayət işi açılmayacaqsa, onda antikorrupsiya tədbirləri haqda gurultulu bəyanatların, sadəcə, sabun köpüyü olması bir daha üzə çıxacaq. “Yeni Müsavat”
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?