Hesablama Palatasının sədri Heydər Əsədovun kənd təsərrüfatı naziri təyin olunmasında gözdən yayınan bir məqam var. Söhbət təyinatın hüquqi prosedura uyğunluğu məsələsindən gedir: Hesablama Palatası prezidentə deyil, Milli Məclisə tabedir, palatanın sədrini Milli Məclis təyin edir. Qanuna görə, Heydər Əsədovun vaxtından əvvəl vəzifədən azad edilməsi üçün Milli Məclisin qərarı olmalıdır.
Hesablama Palatası qanununun 11-ci maddəsi qurumun üzvlərinin vəzifədən vaxtından əvvəl olunması qaydalarını tənzimləyir. Qeyd olunur ki, palatanın sədri, sədr müavini və auditorları vəfat etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş elan edildikdə bu barədə qərarı Milli Məclisin sədri verir.
Ancaq qurumun üzvləri vəzifədən azad olunmaq haqqında ərizə ilə müraciət etdikdə, cinayət törətdikdə və barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü olduqda, o cümlədən dörd aydan artıq müddətdə xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü haqqında Hesablama Palatasının təşkil etdiyi xüsusi həkim komissiyasının rəyi olduqda, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə Milli Məclisi sədrinin təqdimatı əsasında parlament vaxtından əvvəl vəzifədən azad olunmaqla bağlı qərar qəbul edir.
Heydər Əsədovun Hesablama Palatasının sədri kimi səlahiyyət müddəti 2014-cü ilin aprel ayında bitir. Hüquqşünas Eldar Qocayev “Media forum” saytına deyib ki, Hesablama Palatası sədrinin başqa vəzifəyə keçirilməsi vəzifədən azad olunmaq haqqında ərizəsinə onu təyin etmiş orqan müsbət cavab verdikdən sonra mümkündür: “Əks halda bu yalnız bir şəxsin eyni zamanda iki mühüm vəzifəni tutmasının qeyri-mümkünlüyü ilə bağlı qanun pozuntusu yox, həm də hakimiyyətin müxtəlif qollarına (qanunverici və icraedici) aid iki vəzifənin eyni bir şəxs tərəfindən icra olunmasının yolverilməzliyi ilə əlaqədar konstitusiya tələblərinin pozulmasıdır”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?