Mədəniyyət və Turizm Nazirliyinin Sabirabad rayon İdarəsində büdcə talanı faktları aşkarlanıb. Hesablama Palatasından daxil olan məlumata əsasən, rayona ayrılan büdcə vəsaitlərinin 2013-cü il üzrə xərclənməsində külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsi, büdcədən yayındırılması halları baş verib. Rəsmi məlumata əsasən, 2013-cü ildə Sabirabad rayon Mədəniyyət və Turizm şöbəsinə və onun tabeliyində olan Ü.Hacıbəyov adına yedillik Uşaq Musiqi Məktəbinə ayrılan vəsaitlərin proqnozlaşdırılması üzrə audit zamanı ortaya maraqlı faktlar çıxıb. Audit zamanı bəlli olub ki, bu faktlarla əlaqədar olaraq büdcə vəsaitləri düzgün xərclənməyib. Hesabatda bildirilir ki, şöbənin ötən il üzrə xərc smetalarının tərtibi prossesində qanunvericiliyin tələbləri gözlənilməmiş bəzi xərc maddələri üzrə vəsaitlər, ümumiyyətlə icra olunmamış və yap icra faizi aşağı olmuş, bəzi hallarda işçilərə məzuniyyətdə olduqları dövr üçün həbelə əvəzçilik üzrə dərs saatlarına görə əmək haqlarının düzgün hesablanmaması və tarif dərəcəsinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilmiş, artıq ştat vahidləri saxlanılmış, artıq ezamiyyə xərci ödənilmiş, təmir və tkinti, abadlaşdırma işlərinin yerinə yetirilməsinə görə bağlanmış əmək müqavilələri üzrə ödənilmiş əmək haqqından gəlir vergisi tutulmayıb. Rayon Mədəniyyət Evinə əvəzsiz olaraq verilmiş inventar və avadanlıqların uçotu aparılmamış, alınması rəsmiləşdirilmiş inventar və avadanlıqlar podratçı təşkilatlar tərəfindən təhvil verilməmiş, bir sıra hallarda alınacaq malların ehtimal olunan qiymətləri tender komissiyası tərəfindən müəyyənləşdirilməmiş, alınacaq malların və materialların çeşidi, markası, növü və ölçüləri, bəzi hallarda iddiaçı kimi iştirak etmiş malgöndərənlərin (podratçıların) son bir ildəki maliyyə vəziyyətləri barədə müvafiq arayışların, onların ixtisas göstəricilərinə dair məlumatların, vergi borcları və digər icbari ödənişlərə dair öhdəliklərin olub-olmaması barədə rəsmi arayışların alınması təmin edilmə işidir . Rəsmi hesabatda talan faktlarına dair daha sonra konkretləşdirilmiş faktlar sadalanır. Bildirilir ki, aşkar edilmiş pozuntu faktları barədə Hesablama Palatası Sabirabad rayon İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə məlumatlar verilib. Aldığımız bilgilərə əsasən, nazirlik və icra hakimiyyəti tərəfindən rayonun mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanova yaxın günlərdə işini təhvil verməklə bağlı olaraq xəbərdarlıq edilib. Qeyd edək araşdırmalarımız nəticəsində məlum olub ki, Ə. Ramazanov hələ ki, sudan quru çıxa bilib. Belə ki, Hesablama Palatasının aşkarladığı ciddi pozuntular zamanı 28 min 374 manat vəsaitin, o cümlədən də 105 min 80 manatın inventar alınması adı altında talanması faktları aşkarlanıb. 79 min manatlıq inventar alınması üçün büdcədən talan edilən vəsaitlərlə bağlı da araşdırmaların aparıldığı söylənilir. Digər bir məlumata əsasən, akşarlanmış ciddi maliyyə pozuntularını ört-basdır etmək üçün Ə.Ramazanov şöbənin 5 nəfər işçisinə töhmət verib, o cümlədən Uşaq Musiqi Məktəbinin, Mərkəzləşdirilmiş Kitabxana sisteminin direktoruna, mərkəzləşdirilmiş mühasibatlığın mühasibinə, Rayon Mədəniyyət Evinin direktoruna, Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisinə töhmət verib. Lakin apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində talan faktları ilə bağlı olaraq Ə.Ramazanov heç də tək işləməyib. Belə ki, idarənin Sabirabad rayon 63 və 64 saylı Dairə Seçki Komissiyalarında olan Məntəqə Seçki Komissiyalarının üzvlərinə seçki dövründə verilməli olan əvəzləmələr və məzuniyyət pulları da talan edilib. Bununla bağlı olaraq redaksiyamıza olduqca ilginc informasiyalar daxil olub. Sabirabad rayonunda Mədəniyyət və Turizm İdarəsinin rəsmi olaraq qeydiyyatda olan ştat üzrə işçilərinin faktiki olaraq rayonun bəlli yerində toy şənliklərinə göndərilməsi faktları var. Rəsmi işçi kimi adları büdcədən əmək haqqı alanlar sırasında olsa da, bu müsiqiçilər rayonun Kapital Bank deyilən ərazisi yaxınlığında toplaşırlar. Müvafiq olaraq yoxlama gəldikdə isə həmin musiqiçilərin alətləri idarənin inventarı kimi göstərilir. Bununla bağlı da araşdırmalarımız davam edir. Hesablama Palatasının göstərdiyi inventarların rəsmiyyətdən gizlədilməsi ilə bağlı da redaksiyamıza olduqca ilginc informasiyalar çatıb. Yaxın günlərdə bu faktları da sizlərə təqdim edəcəyik. Onu da əlavə edək ki, Əhməd Ramazanovu gün ərzində axtarsaq da tapa bilmədik. Sabirabad rayon Mədəniyyət və Turizm İdarəsindən bildirdilər ki, şöbə rəisi Bakıda nazirlikdə kursdadır. Yalnız gələn həftə işə çıxacaq. Yaxın günlərdə oxuyacaqsınız: - Ü.Hacıbəyov adına rayon uşaq musiqi məktəbində 2011-2012-ci tədris ilində 313 nəfər şagirdin təhsili ilə 50 nəfər müəllim məşğul olub. Onlardan faktiki olaraq neçə nəfəri müəllim kimi hər gün dərsə gəlib? - Şagirdlərin dərsə dəvamiyyəti ilə bağlı olaraq rəsmiyyətlə faktlar uyğun gəlirmi? - Necə olur ki, 2012-2013-cü tədris ilində 44 nəfər şagird məktəbə daxil olduğu təqdirdə, məktəbi bitirənlərin sayı 56 nəfər olub? - Hesablama Palatasının açıqladığı faktlarda rayonun Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Muzeyi üçün alınmalı olan inventarlar da mənimsənilibmi? - Rayon mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov sovetlər dövründə oxuduğu Naxçıvan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsində hansı tələbə yoldaşına güvənərək bütün bunları edir? - 2007-ci ilin may ayının 16-dan bəri şöbə rəisi işləyən Ə.Ramazanov yaxın günlərdə təqaüdə necə göndəriləcəkmi? R.Əlicanlı
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?