“Aqrolizinq” ASC-də sənədlər saxtalaşdırılır, dövlət vəsaitləri talan edilir
Hesablama Palatası 2013-cü il büdcə vəsaitlərinin istifadəsi ilə bağlı olaraq “Aqrolizinq” ASC-nin dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit araşdırması aparıb. “Gündəm xəbər”ə daxil olan məlumata əsasən, büdcə vəsaitlərinin “Aqrolizinq”in Şəki regional loqistik bazası tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar zamanı külli miqdarda dövlət vəsaiti mənimsənilib. Daxil olan rəsmi məlumata əsasən, audit nəticəsində əksər hallarda normativ hüquqi sənədlərin tərtib edilməsində ciddi hüquqpozmalara yol verilib. Belə ki, 05 dekabr 2013-cü il tarixə maddi məsul şəxsin öhdəsində 16.75 ton miqdarında ammofos gübrəsi və 0.15 ton miqdarında azot gübrəsi olmaqla çatışmazlıq, habelə 2012-ci ilin yanvar ayında alınmış və yararlılıq müddəti başa çatmış və daşlaşaraq dənəvərliyi itmiş, 2012-ci ilin yanvar ayında alınmış Qazaxıstan Respublikasının istehsalı olan 427 ton azot və Sabirabad Regional Loqistik Bazasından alınmış 20 ton Ukrayna Respublikasının 2008-ci il istehsalı olan superfosfat gübrəsi aşkar edilmişdir. Bununla yanaşı, Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli 32 nömrəli qərarı ilə təsdiq edilmiş “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsulları istiehsalçılarına mineral gübrənin güzəştlə satılması qaydalarının tələblərinə əməl edilməyərək 6 halda əkin sahəsinin fiziki şəxslərə məxsusluğunu təsdiq edən müvafiq sənəd olmadığı halda, həmin şəxslərin adlarına alqı-satqı müqavilələri sənədləşdirilərək qaimə fakturalarda 186.9 ton, 13 halda fiziki və hüquqi şəxslərin güzəştlə gübrə alması üçün yerli komissiyaya müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə kənd təsərrüfatında təyinatlı otlaq, örüş biçənək olan torpaq sahələri əkin sahəsi kimi göstərilərək həmin şəxslərin adlarına alqı-satqı müqavilələri əsasında qaimə fakturalarla 347.8 ton gübrə yoxa çıxıb. “Azərbaycan Respublikası torpaq məcəlləsi”nin “Torpaq icarəsi haqqında” qanunun tələbləri gözlənilmədən aidiyyatı qurumlardan müvafiq razılıq alınmayıb. Araşdırmalar zamanı məlum olub ki, 812.5 ton mineral gübrə rəsmən bağlanmış müqavilələrdə göstərilmiş torpaqlara verilməyib. Daxil olan məlumatda bildirilir ki, “Aqrolizinq”in Şəki filialında 1347.2 ton mineral gübrə qaimə-faktularda göstərilmədən filialdan çıxarılıb. Mineral gübrənin cəmi 50 faiz dəyəri istehsalçıların adından kassaya məxaric edilib. 50 faizi isə total pozuntularla dövlət büdcəsindən kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən güzəşt hesabına bağlanıb. Bazanın əmtəəşünası faktiki olaraq işə çıxmadığı halda ona əmək haqqı hesablanaraq ödənilib. Aldığımız məlumata əsasən, aşkar edilmiş ciddi pozuntularla bağlı faktlar Hesablama Palatası tərəfindən Baş Prokurorluğa da göndərilib. Qeyd edək ki, “Aqrolizinq”in Şəki aqroservisinə ayrılan büdcə pulları ilə bağlı da mühim pozuntular aşkarlanıb. Bununla bağlı da araşdırmalarımız davam edir. Yaxın günlərdə bu barədə də geniş araşdırmamızı təqdim edəcəyik. RÜFƏT
Sorğu
Yeni dizaynımız necədir?