Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun ən uğurlu addımı Nizami Möhsümovu özünə müavin təyin etmək olub
Ölkədə daxili nizam-intizamın yüksəkliyi təkcə qanunların aliliyindən asılı deyildir, cəmiyyətin aktivliyi də bu sahədə əsas prioritetlərdən biri kimi göstərilir. Azərbaycan Respublikasının hansı bölgəsində ki, cəmiyyət aktivdir, həmin bölgədə nəinki məmur özbaşınalığı aşağı səviyyədədir, hətta cinayətkarlıq minimum həddə endirilib. Zəngilan rayonunun əhalisi heç vaxt cəmiyyət aktivliyi ilə seçilməyib. 1992-ci ilin sentyabrında Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy (həmin vaxt o, həm də Azərbaycan Respublikasının prezidenti idi) Zəngilan rayon şöbəsinin buraxılması (bağlanması) haqqında qərar imzalayıb. Yəni, faktiki olmayan cəmiyyətin kağız üzərində qalmasına nə lüzum?! Ötən həftə hüzr məclislərinin birində ağsaqqal bir kişinin mənə yaxınlaşması nəticəsində bu barədə bir daha düşünməyə vadar oldum. “Sənmisən bizim başçıdan yazan? Nə tutmusan başçının yaxasından? Bilmirsənmi, rayonu təkər yamayanla mal oğrusu idarə edir?” deyə sual ilə yaxınlaşan yaşlı kişi heç mənim cavabımı gözləmədən elə özü də öz sualına cavab verdi. “Başçının heç bunlardan xəbəri də yoxdur. Sizi inandırım ki, o, nə şəhid ailələrinin qəbul olunmaması haqqında məqalələr dərc olunan qəzetləri oxuyub, nə də kimsə ona bu barədə məlumat verib. Çünki Aparatda yaradılan mühit bunu diqtə edir. Qəzet oxuyanlar ya susur, ya da ən yaxınları ilə astadan müzakirə aparırlar. Odur ki, özünü hədər yerə yorma, bu gün səninlə əlaqə saxlayıb öz problemlərini söyləyən bəzi şəhid ailələri sabah bərkə düşüb həm sözlərindən qaçar, həm də lazım gələrsə... başqa hərəkətlər də edərlər”. Doğrusu, nə deyəcəyimi bilmədim. Ertəsi gün efirdən səslənən başqa bir məlumat məni yenidən mövzuya qaytardı. Sən demə, hərbçi olmaq istəməyən rayonların siyahısına ZƏNGİLAN başçılıq edir. (Xocalı, Xocavənd və Zəngilan! Bəli, statistik məlumat, bax, beləcə səsləndirildi!) Adamı dəhşət bürüməsin, neyləsin! Rayonlarımız iyirmi ildən artıqdır ki, işğal altındadır. Otuz beş minlik əhalinin arasındə necə ola bilər ki, bircə nəfər də olsun, hərbçi olub, torpaqlarımızı işğaldan azad edəcək tağıma komandirlik etmək iddiasına düşməsin! Yəni bu qədərmi passivdir Zəngilan cəmiyyəti? Zəngilan rayonu döyüşlərdə iki yüzdən çox şəhid verib. Onların tən yarısı doğma rayon uğrunda gedən döyüşlərdə canlarını vətənə fəda ediblər. Üstündən iyirmi il keçəndən sonra şəhidlərin qisasını almaq, doğma torpaqlarımızı işğaldan azad etmək üçün bir vətənpərvər hərbçi yetişdirilməyibsə bunun günahını təkcə valideynlərdə, qohum-əqrəbalarda axtarmaq düzgündürmü? Bəlkə məmurların laqeyd münasibəti səbəb olub belə laqeydliyə? Hüzr məclisində söhbət zamanı bəlli oldu ki, İcra Aparatında əsas nüfuz sahibi Nizami Möhsümovdur. Bir sıra qalmaqallarda adı çəkilən müavin hər dəfə düşdüyü situasiyalardan sapsağlam çıxdığına görə ona inanır və çəkinirlər. Onun adının Azərbaycan Dövlət Neft Akademiyası yataqxanalarında məskunlaşan ailələrin köçürülməsində müəyyən maxinasiyalarda səslənsə də hələ ki, kələfin ucu tapılmır. Məsələni (aldandıqlarını) məhkəmələrdə çözməyə çalışanların azlığından məsələnin mahiyyəti tam aşkara çıxarıla bilmir. Bundan xəbər tutan Prezident Administrasiyasının bəzi səlahiyyət sahibləri onun işdən (vəzifədən) kənarlaşdırılmasını tələb etsələr də, daha yüksək daydayıların köməkliyi ilə Nizami müəllim yerində qaldı. Həmsöhbətim köhnə məsələlərə qayıtmaq istəməsə belə, dolayısı yolla işğala qədərki dövrdə onun rəhbərlik etdiyi sovxozun inəklərinin oğurlanaraq satılmasından bəhs etdi. Eyni zamanda onun güclü mühasib olduğunu vurğuladı. Sən demə, məmur iyirmi il imiş ki, adı icra nümayəndəsi siyahısında getsə də Avtonəqliyyat idarəsində mühasib işləyirmiş. Özü də iki vəzifənin ikisini də göz altında saxlayırmış. İcra Aparatının yerləşdiyi binanın yaxınlığında. Belə yerdə deyiblər: Bərəkallah! Fərasətə bir bax! O, həm də gənc kadrların işə götürülməsi ilə məşğuldur. Başçıya Aqrar sahə üzrə müavin tapıb işə düzəldib. Bu sahədə ona dostları yardım da göstəriblər. Hətta banklardan biri kifayət qədər kredit də buraxıb. Düzdür, bu məsələdə də gözügötürməyənlər köhnə palan içi eşələyib bəzi qaranlıq məqamlar aşkarlayıblar, amma bunun acısı onun qulağına arı yox, heç milçək kimi də vızıldamır. Çünki özünə və himayədarlarına çox arxayındır. Ramiz Həsənovun Zəngilan rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyinatından sonra ən uğurlu addımı Nizami Möhsümov kimi bir çoxşaxəli insanı, əhatəli adamı, perspektivli mütəxəssisi özünə müavin təyin etməsi olub deyənlər heç də yanılmırlar. Onun vəzifəyə təyinatından əvvəl Zəngilan rayon İcra Aparatında dövlət qulluğuna imtahan vermədən işə düzələnlərin xeyir-duasında iştirak edib-etməməsi əlbəttə ki, araşdırılmalıdır. Əli BƏY AZƏRİ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?