Çeçenistana narkotiklər əsasən Dağıstandan, Azərbaycandan daşınır
Çeçenistan prezidenti Ramzan Kadırov yanvarın 9-da Qroznıda 2012-ci ilin yekunları ilə bağlı mətbuat konfransı keçirib. O bildirib ki, Çeçenistanda narkomaniya problemi kəskin xarakter daşımaqdadır və narkotiklər əsasən Dağıstandan, Azərbaycandan daşınır. Analiz göstərir ki, narkotik həblər respublikaya Dağıstan və Azərbaycandan gətirilir. Bununla əsasən qadınlar məşğul olur. Onlar şüurlu şəkildə bu cinayəti törədirlər. Mən bir daha belələrini dayanmağa çağırıram, gec-tez polis onları saxlayacaq, o zaman gec olacaq” — deyə R.Kadırov bildirib. Çeçenistan başçısı mətbuat konfransında Bakıya ötən ilin dekabrında etdiyi səfərdən və prezident İlham Əliyevlə görüşündən də danışıb. Onun sözlərinə görə, Bakıya səfərə dəvət olunması Çeçenistan respublikasının Rusiya Federasiyasının subyekti kimi nüfuzunun artmasını göstərir. “Bizim prezident İlham Əliyevlə ətraflı söhbətimiz oldu. Səfər zamanı Azərbaycan hökuməti ilə Çeçenistan Respublikası arasında sənədlər imzalandı. İlham Əliyev bizi əmin etdi ki, onun ölkəsi və biznesmenləri bizim respublikadakı layihələrə investisiya qoymağa hazırdır. Mən əminəm ki, bu sənəd Azərbaycan və çeçen xalqları arasında dost münasibətləri inkişaf etdirəcək. Xatırlatmaq zəruridir ki, həmin razılaşma xarici ölkənin hökuməti ilə bağlanmış ilk müqavilə idi. Və bu, şəxsən prezident Vladimir Putinin və federal mərkəzin real dəstəyi ilə baş verib. İlham Əliyevlə görüş zamanı həmçinin Bakı ilə Qroznı arasında birbaşa aviareysin açılması məsələsi də qaldırıldı. İlham Əliyev tərəfindən müvafiq tapşırıq dərhal verildi” — deyə Kadırov bildirib. “Xəbər xidməti”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?