Yəqin ki, hər kəs azadlığın dadını onu itirəndə daha yaxşı anlayır. Üstəlik, əgər ömürlük həbsə məhkumdursa....
Ömürlük məhbusların ailələri ilə müsahibələri davam etdiririk. Bu dəfə azadlığa qovuşmasından ümidini kəsən Çingiz Paşasoyun anası ilə söhbətləşdik. Məhkumun anası Gülnaz Paşasoy illərdir məhkum həyatı yaşayan oğlundan danışdı: “Ailəmiz olduqca böyük idi: həyat yoldaşım, mən və 8 övladım bir evdə yaşayırdıq. İmkanımız olmadığı üçün oğullarımın ikisi, eləcə də Çingiz 15 yaşından etibarən ataları ilə eyni zavodda işləməyə başladılar. Çingiz zəhmətkeş uşaq olub. Ailəsinə bağlı, hörmət sahibi, hər şeyin yerini bilən idi. Ali təhsili olmasa belə, savadı vardı. Özünə yaxın bildiyi bir neçə dostu ilə oturub-dururdu. Bir gün elə oldu ki, onların etdiyi cinayətə görə Çingiz də təqsirləndirildi. Deyirdilər ki, guya pivə zavodunun müdirini öldürüblər. Halbuki oğlum həmin vaxt heç Bakıda deyildi. Moskvaya işləməyə getmişdi. Bu hadisə üzə çıxanda oğlum evə gələrək atasını qucaqladı, dedi ki, ata, mən heç vaxt adam öldürmərəm. Həmin hadisə zamanı 6 nəfər tutuldu. Hökm oxunarkən Çingiz məhkəmədə olmayıb. Çünki bilirdi ki, onun işinə düzgün baxılmayacaq. Məhkəmə hökmünü ona kamerada oxudular. Onunla bərabər tutulanların hamısına ömürlük həbs kəsildi”. Haqsız yerə övladının cəza çəkməsinə, dəmir barmaqlıqlar arasında hər gün ölümlə çarpışan oğlu ilə birlikdə ölüb-dirilən ana hər cümləsində kövrəlir, yalnız oğlunu azadlıqda görmək ümidi ilə yaşayır. Ahıl yaşlı anasının təsirləndiyini görən qızı söhbəti davam etdirir. “Dəqiq bilirəm ki, onun heç bir günahı yoxdur. O heç vaxt pula görə kiminsə canına qəsd etməz. Pivə zavodunun direktor müavini onlara deyib ki, 50 min manat pul verirəm, müdiri öldürün. Bu işdə tək bir nəfərin əli yox idi. Pulu olanlar verib, canlarını qurtardı. Qalan 4-5 nəfər bu iş üstündə tutuldular. İnsanı pul üstündə yox, qeyrət üstündə öldürərlər. Bu iş baş verəndə çox adam dedi ki, oğlun buralardan getsin. Ancaq o heç nə etmədiyi üçün küçədə rahat gəzirdi. Bir gün polislər həyətimizdəki it damında silah saxlanıldığından şübhələnib yoxlama apardılar. Ancaq heç nə tapa bilmədilər. Çünki qətl törədilən silah Çingizdə deyildi. Sonralar o silahı qəbiristanlıqdan tapdılar. Gülağa, ya da Qurbanəli adlı biri öldürmüşdü. Bu yaxınlarda kəndimizdə Nadir adlı idman müəllimi tutuldu. Çingiz də vaxtilə idmanla məşğul olduğuna görə azadlıqda olanda onun yanına gedirdi. Nadir çoxlarını aldadıb pullarını almışdı. Bu hadisəyə görə də Çingizi məcbur etdilər ki, onun haqda məlumat versin, amma oğlum o barədə heç nə bilmirdi”. Hər dəfəsində ailəsindən tökülən bir yarpaqla həyatından min budaq qırılan ana yenidən özündə güc tapıb danışır: “Çingiz tutulandan sonra atası heç 1 ay yaşamadı. Həyat yoldaşım 55 yaşında övlad həsrətinə dözə bilmədi. Oğlumun atasının ölməsindən xəbəri olmadı. Ona sonra dedik. Bu illər ərzində neçə oğul torpağa vermişəm. Bir şəhid nəvə basdırmışam. Atası ölmüşdü, balası da öldü. Mənə çox çətindir. Axı 24 ildir türmə oğlumu yeyir. Nə günahı var ki? Başqa bir nəvəm var, bu il məktəbi bitirəcək. O da yetimdir. Bir azdan onu da əsgər aparacaqlar. Bəs onda nə edəcəm? Elə bir-bir torpağa verirəm. Məni kim torpağa basdıracaq?! Günüm iynə, dərmanla keçir. Nə az nə, nə çox 80 yaşım var. Bundan sonra necə yaşayacam, bilmirəm. Heç olmasa oğlum azadlığa çıxa, bilərəm ki, kimsə meyitimi yerdən götürəcək.
Həbs edilən 6 nəfərdən 4-ü ölüb. Çingiz və başqa biri qalıb. Ailə də qurmadı. Tutulmazdan əvvəl nişanlı idi. Ancaq bu hadisədən sonra qız nişanı qaytardı. Ömürlük məhbusla kim ailə qurar ki!?”. Hər dəfə oğul itkisindən sonra qayğılarının artması, hər kəsin ondan əlini üzməsi məhbus anasının əyilən qəddini bir az da əyib. Vaxtilə 6 oğul böyüdüb onların “nübarı”nı yemək arzusu ilə yaşayan ananın bütün arzuları ürəyində qalıb. İndi gözünü 140 manat pensiyaya dikən Gülnaz Paşasoy qəpiyi-qəpiyə calayaraq hərdən ana yolu gözləyən oğul dalınca da gedir. “Bilmirəm o pulu türməyə, yoxsa dərmanlara verim? Gələn ay Çingizin məhkəməsi olacaq. Daha o yer qalmayıb ki, yazmasın. Latın əlifbasını bilmədiyinə görə kirillə yazır, onu da heç bir yerdə qəbul etmirlər ki, mütləq latın əlifbası ilə yazmalısan. Pulsuz vəkil də veriblər. Onunla bərabər özüm də o qədər şikayət etmişəm, bir xeyri yoxdur”. Hər dəfə anası ilə danışanda azadlığa qovuşacağı günün xəyalı ilə yaşayır. Ata nəvazişindən, qardaş dayağından məhrum olan Çingiz xəyallarını yalnız anası ilə bölüşə bilir. Hər həftənin beşinci günü ana-bala beləcə dərdləşir. Balasının ümidini qırmaq istəməsə də ananın Allahdan çoxdan əli üzülüb. “Əvvəllər Çingizin özü Avropa Şurasına kimi müraciət edib. Ancaq heç bir nəticəsi yoxdur. Hər həftənin 5-ci günü də bizimlə əlaqə saxlayır. Telefonla danışanda da ancaq türmədən çıxacağı günü xəyal edir. Bu yaxınlarda türmədə bir ömürlük məhbusa “Vağzalı” çalınıb, Çingizin də evlənmək istəyib-istəməməsini soruşduq”. Oğulları öldükdən sonra gəlinlərinin də evi tərk etməsi yaşlı ananın bir dərdini beş edib. “Oğlumun biri həyat yoldaşı və uşaqları evdən çıxıb getdiyi üçün damarlarını kəsərək intihar etdi. Beləcə, hamısı yükü çəkib köçdülər dünyadan, qaldım qadın başıma. İndi ancaq gözümü Çingizin yoluna dikmişəm, görək bəlkə Allah könüllərinə insaf sala azadlığa buraxalar”. Söhbəti burda tamamlayıb, Gülnaz Paşasoyun evini tərk edirik. Nə qədər yemək yeməyimizi israra etsə də, biz də bir söz verdik. “İnşallah Çingiz sağ-salamat gələr, o zaman süfrənizdə oturub çörək kəsərik”. Gültəkin ƏLƏSGƏR Ulduz İBRAHİMOVA
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?