“Bu il iyunun sonuna qədər Azərbaycan hökumətində yeni yerdəyişmələr olacaq”
“gundemxeber.az” Virtualaz.org saytına istinadən xəbər verir ki, bu sensasion bəyanatı “Caspian European Club”un (CEIBC) icraçı direktoru Telman Əliyev verib. O, bu bəyanatla öz facebook səhifəsində çıxış edib. Yada salaq ki, CEIBC yarandığı gündən etibarən bu günədək onun sədri İlham Əliyevdir. 2002-ci ildə yaradılan və regional təşkilat olan CEIBC öz sıralarında 50-dək ölkədən olan 500-dən çox şirkət və təşkilatı birləşdirir. CEIBC öz fəaliyyətini əsasən Xəzər və Qara dəniz hövzələrində və Baltik dənizi regionunda həyata keçirir. “Caspian Energy International Media Group” və Xəzər və Qara dəniz hövzəsi ölkələrində çalışan iri neft-qaz şirkətləri də ona bu işdə fəal dəstək verir. Telman Əliyevin sözlərinə görə, İlham Əliyev yaxın vaxtlarda daha bir neçə naziri dəyişəcək və yenilərini təyin edəcək. İcraçı direktorun sözlərinə görə, artıq bir neçə nazir “Caspian European Club”un üzvləri olan şirkətlərin rəhbərləri ilə görüşməkdən bu il iyunun sonuna qədər imtina edib, səbəb onların taleyinin artıq həll olunmasıdır. Rəhbəri İlham Əliyev olan nüfuzlu bir təşkilatın icraçı direktorunun - Telman Əliyevin bu bəyanatı mahiyyət etibarilə sensasion sayıla bilər. Çünki burada söhbət hökumətə bağlı ciddi bir qurumun rəhbərliyindəki şəxsin bəyanatından gedir. Ekspertlər Telman Əliyevi hakimiyyətin yuxarı eşelonlarına çox yaxın və kifayət qədər məlumatlı şəxs kimi səciyyələndirirlər. Bununla belə Telman Əliyev öz bəyanatında təfərrüatlara varmayıb və söhbətin konkret olaraq “taleyi artıq həll olunmuş” hansı nazirlərdən getdiyini dəqiqləşdirməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?