“İtaliyan jurnalistlər Qarabağ münaqişəsi ilə yaxından maraqlanır”
İtaliyalı jurnalistlər hazırda Azərbaycana daha çox maraq göstərirlər. Bu sözləri İtaliyada fəaliyyət göstərən Avrasiya və Afrika üzrə Tədqiqatlar, Araşdırmalar və Beynəlmiləlləşmə Assosiasiyasının həmtəsisçisi və sədri, analitik Culiano Bifolki deyib/ C.Bifolkinin sözlərinə görə, Azərbaycan və İtaliya arasında mövcud, daim inkişafda olan əlaqələr TAP layihəsi ilə bağlı daha da canlanıb. Bu da öz növbəsində İtaliya mətbuatında Azərbaycana dair daha çox yazıların yerləşdirilməsinə, italiyalı jurnalistlərin Azərbaycanın iqtisadiyyatı barədə daha geniş araşdırmalar aparmasına yol açır. “Bu gün İtaliya mediasının diqqət mərkəzində olan ən önəmli məsələlərdən biri məhz Azərbaycan ilə İtaliya arasında mövcud ticarət əlaqələridir. Bundan başqa, Cənubi Qafqaz regionunun geosiyasi durumu, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi italiyalı jurnalistlərin ən çox müraciət etdikləri mövzulardır”. Azərbaycanın və İtaliyanın mətbuat orqanları, xəbər agentlikləri arasında mövcud əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı potensialın olduğunu deyən C.Bifolki bildirib ki, bu istiqamətdə ölkələrimizin təbliği önəmli amildir. Hesab edirəm ki, italiyalı jurnalistlər üçün Azərbaycanın qədim adət-ənənələrini, mədəniyyətini, mətbəxini, turizm imkanlarını yaxından öyrənmək olduqca maraqlıdır. Həmçinin media qurumlarımız arasında müvafiq sahələr üzrə informasiya mübadiləsinin həyata keçirilməsi də bu baxımdan böyük əhəmiyyət kəsb edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?