Təhsil Nazirliyi fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sonrakı taleyi ilə bağlı məsələyə aydınlıq gətirib. Təhsil Nazirliyinin Facebook səhifəsində vətəndaşlarını sualları cavablandırılarkən bildirilib ki, 2010-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti dayandırıldıqdan sonra Universitetin sabiq rəhbərliyi tərəfindən yalnız tələbələrin qəbul əmrləri, diplom vermə kitabları və yazılmış, lakin sahiblərinə verilməmiş diplomlar nazirliyə təhvil verilib: “Digər sənədlərin sayı və həcmi çox olduğundan və onların Təhsil Nazirliyinin arxivində yerləşdirilməsi mümkün olmadığı üçün universitetin arxivində saxlanılıb. 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılan istintaq zərurəti ilə bağlı ABU-nun binasında saxlanılan bütün sənədlər idarənin əməkdaşları tərəfindən götürülüb. Hal-hazırda həmin sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin müəyyən etdiyi yerdə saxlanılır”.
Qeyd olunub ki, son altı ay ərzində ABU-nun məzun və tələbələri tərəfindən universitetin arxivində saxlanılan attestat və digər sənədlərin geri qaytarılması ilə bağlı Təhsil Nazirliyinə çoxsaylı müraciətlər daxil olur. Həmin sənədlərin sahiblərinə verilməsi məsələsinə köməklik göstərmək üçün Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət olunub: “Artıq sənədlərin sistemləşdirilməsinə başlanılıb. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin razılığı ilə müraciətləri əsasında təhsil sənədləri aşkar olunan şəxslər dəvət olunacaq və surəti şəxsi işlərində saxlanılmaqla onların təhsil sənədlərinin əsli özlərinə qaytarılacaq”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?