Gürcüstan polisi antinarkotik əməliyyatını aylar öncə planlaşdırıbmış; Azərbaycan hüquq-mühafizə orqanları və hökuməti susur; iqtidaryönümlü deputat Zahid Oruc isə heroin qalmaqalına görə İranı ittiham etdi Gürcüstan Daxili İşlər Nazirliyinin antinarkotik əməliyyatından 4 gün keçir. İyulun 14-də Gürcüstan daxili işlər naziri Aleksandr Çikaidze bəyan edib ki, iyulun 11-də gürcü polisinin həyata keçirdiyi əməliyyata aylar öncədən hazırlaşıblar. Gürcü nazir saflaşdırılmış 2 ton 790 kiloqram maye heroinin Əfqanıstanda hazırlandığını və İran-Azərbaycan-Gürcüstan üzərindən tranzitlə Avropaya daşındığını da söyləyib. Nazir baş vermiş olayla bağlı 2 Gürcüstan vətəndaşının saxlanıldığını da açıqlayıb.
A.Çikaidzenin sələfi, hazırda Gürcüstanın baş naziri olan İrakliy Qaribaşvili isə deyib ki, bu əməliyyat Gürcüstan hüquq-mühafizə orqanlarının uğurudur. O, daxili işlər naziri olduğu dövrdə Ermənistandan Gürcüstana keçirilən 116 kiloqram heroin saxlandığını xatırlatmaqla yeni naziri onun rekordunu təzələməsi münasibətilə təbrik edib. Maraqlıdır ki, Gürcüstan hüquq-mühafizə orqanları, hökumət başçısı antinarkotik əməliyyatını az qala bayram etdikləri bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları susqunluq nümayiş etdirirlər.
İyulun 15-də “Yeni Müsavat” məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib. Qurumun mətbuat xidmətindən sorğumuza “bu məsələ ilə bağlı hər hansı bir şərh verilmir” cavabı verilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundovla əlaqə saxlamaq cəhdimiz baş tutmadı. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri, baş nazirin müavini Əli Həsənovla da danışa bilmədik. Onun köməkçisi Əkbər Əkbərov günlərdir ki, məsələ ilə bağlı Ə.Həsənova suallar verməyimizin qarşısını alır.
Məsələ ilə bağlı sorğumuzu cavablandıran yeganə ünvan Azərbaycanın ən iri boya istehsalçısı “FAB” şirkətinin nümayəndəsi oldu. Şirkət rəsmisi 2 ton 790 kiloqram narkotikin “FAB”a aid boya qutularında və maşında daşındığını inkar etdi. Qeyd edək ki, “Turan”ın yaydığı məlumatda bildirilirdi ki, narkotik maddə Azərbaycanın məşhur boya şirkəti “FAB”ın istehsalı olan boya adı altında qablaşdırılıb. Həmçinin narkotiki daşıyan yük maşınının üstündə “FAB” boyasının təsviri ilə böyük reklam yer alıb.
Məlumat üçün deyək ki, narkotrafiklə məşğul olan qruplaşmalar ələ keçməmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Belə üsullardan biri də bir ölkədən o biri ölkəyə keçərkən maşınların nömrə nişanlarının dəyişdirilməsi, həmin ölkənin ərazisində qeydiyyatda olan maşınların nömrə nişanlarına uyğun nişanlardan istifadə etmələridir. Tamamilə mümkündür ki, Gürcüstanda tutulan yük maşını İran Astarasından Azərbaycan Astarasına sərhədi aşmaqla keçəndən sonra daşınan yüklərin üzərinə “FAB” boyasının emblemi, yük maşınına isə şirkətin adı olan reklam lövhəsi asılıb. 167 milyon dollarlıq heroini daşıyanlar üçün belə bir üsuldan istifadə heç də ağlasığmaz görünmür. Bəs Azərbaycan hökuməti, parlamentariləri ölkəmizin sərhədlərini sərbəst şəkildə aşan 2 ton 790 kiloqram heroinin daşınmasından doğan suallara hansı cavabı verirlər? Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a deyib ki, narkoticarət dünya üzrə ən gəlirli sahələrdən biridir:
“Çox təəssüf ki, Əfqanıstanın son 100 illik tarixində narkotika çox önəmli, lakin mənfi rol oynayıb. Yəni dünyanın tibbi klinikalarının 60 faizinə qədəri ən yüksək keyfiyyətli narkotiklə məhz Əfqanıstan torpaqlarında becərilən narkobitkilər hesabına təmin olunur. Bu, əfqan millətinə faciə, bunun ticarəti ilə məşğul olanlara isə böyük gəlirlər gətirir. Narkotranzitin İran üzərindən daşınması 10 illər ərzində sübut olunub. Azərbaycanın media orqanları bu məsələdə bizim sərhəd-keçid məntəqələrini tənqid etməklə bərabər məsələnin əsas məğzini hədəf seçməlidirlər. Bu, İranın siyasətidir. İldə 40 tondan artıq narkotik İran sərhədlərindən bir silah kimi bizə qarşı yönləndirilməkdədir”. Z.Oruc belə halların qarşısının alındığını, lakin böyük kriminal şəbəkələrin də yerində saymadıqlarını, müasir texnologiyalardan istifadə etdiklərini söylədi: “Yeni növ mexanizmlər ortaya gətirilir ki, bu növ cinayətlər daha böyük arealda sirkulyasiya olunsun. Bu məsələdə əsas hədəf İran olmalıdır”.
Deputatla dialoqumuzu aşağıdaki kimi oldu:
- 2 ton 790 kiloqram saflaşdırılmış heroin Əfqanıstandan İrana, oradan Azərbaycana və Gürcüstana daşınıbsa, buna görə İranı suçlamaq nə dərəcədə düzgündür? - Əfqanıstanda belə məsələlərin İranın xüsusi xidmət orqanlarının əli ilə hazırlanması dəfələrlə sübuta yetirilib.
- Bu məntiqlə Gürcüstan dövləti də Azərbaycanı ittiham edə bilər?
- İş ondadır ki, bu cür halların Azərbaycan dövləti tərəfindən Gürcüstana yönləndirilməsində bir maraq yoxdur. Məlum sərhəd insidentini deyə bilərsiz, qeyd edə bilərsiz ki, bu, bizə qarşı bir demarşdır. Ancaq dediyiniz fakt Gürcüstana Azərbaycan tərəfindən narkotik göndərilməsi haqda mediada yüzlərlə faktlar dərc edildiyi halda güclü ola bilərdi. Yəni Azərbaycan dövlətinin Gürcüstanı “ağ ölüm”ün hədəfində etmək kimi marağı yoxdur. İran Gürcüstanla vizasız rejimi bərqərar etməklə, orada yaşayan azərbaycanlılar üzərində illərlə əməliyyat qurmaqla iş aparır. Bu elə-belə məsələ deyil. Çox böyük maraqlar var İranın bu addımının içində.
- İranın Azərbaycanda maraqlarının olması şübhəsizdir. 2 ton 790 kiloqram narkotikin Azərbaycan üzərindən daşınması faktı ortada olduğu bir vaxtda Azərbaycan hüquq-mühafizə orqanları niyə susur, sizcə?
- Məncə, bu məsələ ilə bağlı əməliyyat məlumatı var və bu məsələnin dövlətlərarası skandala çevrilməsi istənilmir. Hökumətin sükut mövqeyi də bununla bağlıdır. Düşünürəm ki, burada Azərbaycan dövlətini həmin heroinin üzərindən maraq güdməkdə suçlandırmaq olmaz. Mən çox yaxşı bilirəm ki, Azərbaycanın daxili işlər naziri cənab Ramil Usubov ən kəskin şəkildə narkotranzitə, narkotiklərin yayılmasına qarşı kəskin prinsipial mövqedədir. Bu mövqe müxtəlif müşavirələrdə ifadə olunub. Ona görə də hansısa narkotiklərin daşınmasından Azərbaycanın güc strukturlarına fayda gətirilməsindən də danışmaq olmaz. Bu məsələdə konkret məsuliyyət kimdədirsə, onu müəyyən etmək lazımdır. Yəni bir şəxsin, bir məmurun hansısa aparatı, xüsusi vasitəni işə sala bilməməsi üzündən bütün güc strukturlarının, Sərhəd Xidməti və digər orqanların üzərinə kölgə salmaq, ittiham etmək düzgün deyil.
- Zahid bəy, söhbət 2 ton 790 kiloqram heroin yüklənmiş avtomaşının Azərbaycanın 2 sərhəd-buraxılış, 2 gömrük-keçid məntəqəsindən sərbəst keçməsindən gedir. Yəni hansısa avadanlığın işləməməsi 4 məntəqədən birində olsaydı haradasa anlaşılan olardı.
- Bu məsələnin məsuliyyətini konkret şəxsdə görə bilərəm, amma bütün güc strukturlarını ittiham etmək düzgün deyil.
- Sizcə, ölkənin cənubundakı gömrük-keçid məntəqəsində də, şimalındakı gömrük-keçid məntəqəsində də belə bir yüklü avtomaşın diqqətdən yayına bilərdi?
- İş ondadır ki, mütəşəkkil cinayətkarlar da son texnologiyaları o dərəcədə mənimsəyib istifadə edirlər ki, son dərəcə total yoxlama aparmaq lazım gəlir. Bu da insan haqlarının pozulmasına, vətəndaşların ticari işlərinə qarışmaq sayılır.
- Sərhədlərimizdəki gömrük-keçid məntəqələrində vəziyyət faktiki dediyiniz kimidir. Məsələn, Gürcüstandan 2 şüşə limonad gətirən vətəndaşımızın əlindən öz gömrükçülərimiz həmin limonadlardan birini alır. İranla sərhəddə də eyni qayda tətbiq olunur. Yəni gömrük-keçid məntəqələrində illərdir ki, total yoxlama rejimi tətbiq olunur.
- Bu məlumatlar bizdə də var. Bu, həmin orqan əməkdaşlarının vətəndaşların hüquqlarına çox ciddi müdaxiləsidir. Bu faktdan çıxış edib söyləmək ki, 2 limonadı xüsusi vasitəsiz fiksasiya edən sərhəd və gömrük qüvvələrimiz birdən-birə bu qədər miqdarda narkotiki görmədi. Yəni bu cür məntiqi paralellər bəzən bizi yanlış nəticəyə apara bilər. Hesab edirəm ki, məsələnin əsas məğzini əməliyyat məlumatları sayəsində müəyyən etmək olar. Sizi inandırıram, bəzən maşınların elə hissələrində, hətta insanların daxili orqanlarında narkotik gizlədilir ki, bu, sadəcə, ağlasığmaz olur.
- 3 tona yaxın narkotik maşının yük yerində daşınıb.
- Mən bu faktdan danışmadım. Bu cür daşımaların arxasında dayanan hər cür ağlasığmaz vasitələrə əl atıldığını söylədim. Mən bu məsələnin obyektiv araşdırılmasının tərəfdarıyam.
- Bu araşdırmanın aparılması üçün müraciətiniz olacaqmı?
- Milli Məclisdə tətildir. Parlament üzvü kimi təbii ki, bu məsələnin Gürcüstan tərəfindən aşkarlanmasını normal qiymətləndirirəm. Təbii ki, Azərbaycan tərəfindən də rəsmi açıqlama olacaq. Hər halda, bunu biz əkməmişik, becərməmişik, saflaşdırmamışıq. Bu, çox qeyri-saf bir əməldir, bunun daşınmasını, reallaşdırılmasını həyata keçirənlər də saf və naşı adamlar deyil. Bunun arxasında dayanan qüvvələr var. Azərbaycan dövləti narkotik ticarətinə qarşı ən barışmaz mövqe tutan ölkələr sırasındadır.
- Belə məlumatlar da var ki, bu yükün tutulması qonşu dövlətin Azərbaycana qarşı əməliyyatıdır.
- Azərbaycanda müxtəlif qara əllər vasitəsilə Rusiyanı ləkələmək, xüsusilə Azərbaycanı anti-Rusiya blokuna qoşmaq üçün daxili şəbəkələr, Qərb dairələri vasitəsilə bu ovqatı cəmiyyətdə gücləndirməklə bütün məsələlərdə Rusiyanı ittiham etmək mövqeyini gücləndirmək üçün addımlar atılır. İstənilən versiyanın əməliyyat məlumatları çərçivəsində yoxlanılmasının tərəfdarıyam. Addımlar atılmalıdır ki, rus demişkən, bu məsələni bizim adımıza “sfabrikovat” etməsinlər.
Xatırladaq ki, Müsavat Partiyasının Divanı bu məsələy ilə bağlı bəyanat yayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?