Üzərində cinayət işi olan adam məktəbə müəllim götürülüb
Bu günlərdə Kəlbəcər rayon Şorbulaq qəsəbə qaçqını, hazırda Qazax rayon Çaylı kəndində müvəqqəti məskunlaşmış Elvin Carçıyev qeyri-qanuni şəkildə işdən uzaqlaşdırılmağı ilə bağlı redaksiyamıza müraciət edib. O bildirib ki, 2013-2014-cü tədris ilində Gənclərin Çağırışaqədərki Hazırlığı ixtisası üzrə Yuxarı Əskipara kənd orta məktəbində müəllim işləyib. İşlədiyi müddətdə vaxtlı vaxtında dərsə gedib gəldiyini deyən Elvin müəllim heç bir əsas gətirilmədən Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquluyevin tapşırığı ilə müqaviləsinin ləğv olunduğunu və bu barədə şəxsinə məlumat verilmədiyini qeyd edib. "Mən, 2006-cı ildə GDU-nun Xarici dil fakultəsini bitirmişəm. 2006-cı ildə Silahlı Qüvvələrin TTM-də kurs keçib leytinant hərbi rütbəsi almışam. Füzuli rayonunda N saylı hərbi hissənin taqım komandiri vəzifəsində iki il xidmət etmişəm. Ordudan təxris olunandan sonra Gənclərin Çağırışaqədərki Hazırlığı ixtisası üzrə müəllim işləmişəm. Ancaq bu il müqaviləm Əhməd müəllim tərəfindən ləğv olunub, işdən azad edilmişəm. Və işlədiyim ixtisas üzrə vakansiya elan olunmayıb." O əlavə edib ki, vakasiya elan olunmadığına baxmayaraq yerinə bir nəfər işçi götürülüb: "Müqaviləm bitdikdən sonra həmin iş ilk olaraq mənə təklif olunmalıykən bir başqasına təklif olunub. Yerimə Namiq Nəsibov adında biri işə qəbul edilib. Əlimdə olan məlumatlara görə adı çəkilən adam Təhsil Şöbəsində Metodiki Mərkəzin direktoru Məhəmməd Cəfərovun qohumudur. Artıq həmin şəxsə sənədlərinin toplanması tapşırılmışdır." O yerinə işə götürülən şəxsə qarşı heç bir qərəzinin olmadığını xüsusi olaraq vurğulayıb: "Mənim Namiq müəllimlə heç bir şəxsi qərəzim yoxdur. Onun da ali təhsili var, mənim də. O da leytinantdır, mən də. Ancaq məndən fərqli olaraq onun üzərində cinayət işi var". O iddia edib ki, hal-hazırda Namiq Nəsibovun üzərində iki il şərti azadlıqdan məhrum etmə cəzası var: "Namiq müəllim 2009-cu ildə SQ-in TTM-də kurs keçib leytinant hərbi rütbəsi alıb. Amma xidməti müddətində cinayət məsuliyyətinə cəlb olunub. 4 il azadlıqdan məhrum edilib. Onun iki ilini cəzaçəkmə müəsisəsində keçirib. Cəzasını çəkilməmiş qalan hissəsini (iki il) bitimək üçün şərti azadlığa buraxılıb. Sual edirəm, üzərində cinayət işi olan bir adamın 16-17 yaşında şagirdlərlə işləməyi nə qədər yol veriləndir? Bu hansı kitabda yazır?" Daha sonra Elvin müəllim Təhsil Naziri Mikayıl Cabbarova müraciət edərək yenidən işə bərpa olunmasını istəyib: "Hörmətli Mikayıl müəllim, bildirmək istəyirəm ki, mən bu ixtisas üzrə yenidən işləmək üçün test imtahanına hazırlaşırdım. Lakin test imtahanının ləğv edilməsi, bu ixtisas üzrə vakansiya elan edilməməsi məni məyus etdi. Onu da qeyd edim ki, Qazax rayon Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquluyev bu ixtisası "hərraca" çıxarıb. Bununla bağlı lazımi tədbir görməyinizi, mənim test imtahanı ilə daimi əsaslarla işə qaytarılmağıma yardımınızı əsirgəməməyinizi xahiş edirəm. Ailəliyəm, bir övladım var. Hal-hazırda Qazax rayon Çaylı kəndində müvəqqəti məskunlaşmışam. Kəlbəcər rayon Şorbulaq qəsəbəsindən məcburi köçkünəm". Məsələylə bağlı Təhsil Şöbəsinin müdiri Əhməd Dərgahquluyevin də mövqeyini öyrənmək istədik. İki gün ayrı-ayrı saatlarda, iş vaxtında bir neçə dəfə şöbəyə baş çəkməyimizə baxmayaraq onu yerində tapa bilmədik.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?