Əskipara kəndindən olar köçkünlərə verilən evlər uçur
gundemxeber.az Qazax rayonu Əskiparadan olan məcburi köçkünlər Həsənov Nazim və Vəliyev İnqlab redaksiyamıza şikayət məktubu göndəriblər. Soydaşlarımız bildirirlər ki, torpaqları işğala məruz qaldıqdan sonra Qazax rayonunun idarə və müəssisələrinin yardımçı binalarında məskunlaşmışdılar. Xeyli vaxt keçdikdən sonra Qaçqın və Məcburi Köçkünlərlə Iş Üzrə Komitənin dəstəyilə Qazax rayon “Su-15”də Nərimanov adlı qəsəbə salaraq, onlara həmin qəsəbədə inşa olunmuş 2 otaqlı mənzillər verilmişdir. Məcburi köçkünlərin sevinci elə də çox çəkməmiş, müəyyən vaxt keçdikdən sonra evlərin divarlarında dərin çatlar əmələ gəlmişdir. Həmin çatlar mənzillərin keyfiyyətsiz tikintisinin göstəricisidir. Sakinlər tərəfindən dəfələrlə təmir işləri aparılsa da, çatların qarşısını almaq mümkün olmamışdır. Mütəxəssis rəylərində bildirilir ki, binanın özülü (himi) möhkəm konstruksiyalarla qurulmadığında təhlükəli vəziyyət yaranmışdır. Evlərdə yaşamaq olduqça təhlükəlidir. Bu səbəbdən də ailələr gecələr səksəkə içində yatırlar. Evləri uçma təhlükəsində olanlar dəfələrlə Qazax rayon İH başçısına və aidiyyəti qurumlara müraciət ediblər. Onlara söz veriblər ki, evlərini əsaslı təmir edəcəklər. Yerli məmurların vədləri yalan üzərində qurulduğundan, evlərin hər an uçma təhlükəsi reallaşır. Bu da çoxsaylı insan itkisi deməkdir. Şikayət məktubunda o da bildirilir ki, Qazax rayon Nərimanov qəsəbəsində məskunlaşmış 60 ailənin imzası ilə ölkə prezidentinə şikayət məktubu hazırlanmışdır. Biz də “Gündəm-xəbər” olaraq soydaşlarımızın problemini diqqətdə saxlayacağıq. Şakir Məmmədov
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?