“Bu qərar bir daha təsdiq elədi ki, mən şübhələrimdə haqlıyam: Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov ayın 9-da prosesə müdaxilə etdi və bu müdaxilədən sonra qarşı tərəfin lehinə qərar çıxdı. Heç bir şübhə ola bilməz ki, Ələddin Cəfərov və hakim Mətanət Qasımova qarşı tərəfdən rüşvət aldı və hüquq bir yana, heç bir əxlaqa, insanlığa, ləyaqətə, şərəfə sığmayan qərara imza atdılar”.
Bu sözləri zərərçəkən Anar Niftəliyev həyat yoldaşı, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı Yasamal Rayon Məhkəməsində maddi təzminat iddiası ilə bağlı çıxarılan qərara münasibət bildirərkən deyib. A.Niftəliyevin sözlərinə görə, əməliyyatda iştirak edən hər 3 həkimə və klinikaya qarşı 750 min manat dava açılmışdı:
“Qarşı tərəfdən prosesdə heç kim iştirak etmirdi. Məhkəmənin dəfələrlə təkidindən sonra həkimlərdən biri – bizi əməliyyatın heç bir xətər olmadan ötüşəcəyinə inandıran, o vaxta qədər heç vaxt görmədiyim “Medi Sina” klinikasına aparan, əməliyyatı təşkil edən və assistent kimi iştirak edən Fərəcullah İdrisov iyulun 4-də keçirilən prosesə öz vəkili ilə qatıldı. Vəkil işə yeni qatıldığını bildirib, işlə tanış olmaq üçün vaxt istədi. Hakim bildirdi ki, artıq iddia müddətinin 3 ayı iyulun 14-də tamam olur, ona görə də iyulun 9-da növbəti proses təyin etməklə, qarşı tərəfə vaxt verdi”.
A.Niftəliyevin sözlərinə görə, hər şey iyulun 9-da həll olundu: “İyulun 9-da, saat 14:00-da başlayacaq məhkəmə baxışından 10-ca dəqiqə əvvəl hakim Mətanət Qasımovanın köməkçisi bildirdi ki, proses təxirə salınır, hakim sədrin otağındadır və məsləhətləşmə aparır. İradımı bildirdim ki, ayın 14-də vaxt bitirsə, proses niyə təxirə salınmalıdır? Heç bir cavab vermədi, dedi, səbəblə bağlı sizə məlumat veriləcək.
Ayın 13-də isə telefonla zəng edib. 14-də növbəti prosesin olduğunu bildirdilər, amma ötən iclasın niyə təxirə salındığına aydınlıq gətirmədilər. Ayın 14-də keçən prosesdə məlum oldu ki, qarşı tərəf – Fərəcullah İdrisov və əsas həkim, onkoloq Mahir Məmmədov prosesdə iştirak edir, amma nədənsə, yenicə tutduqları vəkildən imtina ediblər. Mən elə həmin zaman da dedim ki, iyulun 9-da sədrlə görüşdükləri və sədr rüşvət alaraq, işi onların xeyrinə həll edəcəyinə söz verdiyi üçün, onlar daha vəkilə artıq pul xərcləməkdən imtina ediblər. Yoxsa hansı məntiqlə prosesə sonda qoşulan vəkildən cəmi bir iclas sonra imtina edilir?”
A.Niftəliyev iyulun 9-da məhkəmə baxışının məhz iclas başlayan ərəfədə, sədrin hakimi öz otağına çağırmasıyla təxirə düşməsini də bu rüşvət amili ilə bağlayır:
“Qərara baxın: məhkəməni vecinə belə almayan və əvvəlindən sonuna qədər prosesdə iştirak etməyən “Medi Sina” klinikasının 6, anestezioloq Firuz İbrahimovun isə 4 min mənəvi təzminat ödəməsi ilə bağlı qərar çıxarılır, prosesə gələn Mahir Məmmədov və Fərəcullah İdrisov isə bütün mənəvi məsuliyyətdən azad edilirlər. İnanıram ki, “Medi Sina” klinikasından kimsə, o cümlədən Firuz İbrahimov da iyulun 9-da Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərovun kabinetində təşkil edilən bazarlaşmada iştirak etsəydilər, onda onlar da maddi təzminatdan azad olunacaqdılar. Çünki bu qədər həyasız, utanmaz qərar çıxaran, məhkəmə sədrliyindən milyonlar qazanmaq üçün istifadə edən insandan nə desən gözləmək mümkündür”.
Qərarı təkcə hüquqa deyil, Azərbaycan dövlətinə, insanlığa utanc, ləyaqətsizliyin və şərəfsizliyin patologiyası adlandıran Anar Niftəliyev bununla bağlı Prezident İlham Əliyevə də müraciət edib:
“Mən ölkə başçısı İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova müraciət edirəm: insanlığını itirən və qatillərin cəzasız qalması üçün bu qədər ictimailəşmiş bir işdə rüşvət almağa cəsarət edən həyasızlardan təhlükəli heç nə ola bilməz. Bu həyasızların, pulun gözünü bağladığı və puldan başqa heç bir dəyər tanımayan yaramazların vəzifə daşıması ölkənin təhlükəsizliyinə təhdiddir. Ləyaqətini itirən insandan hər şey gözləmək olar. Mənim bildiyim qədərincə, cəmi 3 min rüşvət miqdarında belə şərəfsiz qərar çıxarıblar. Üç minə ləyaqətini, şərəfini, nüfuzunu satan bir adamın cəmiyyət üçün nə qədər təhlükəli olduğunu deməyə ehtiyac yoxdur. Ölkə başçısından xahiş edirəm ki, qan üstündə alver edən bu yaramazların cəzalanmasına yardım etsin”.
Anar Niftəliyev nəinki apelyasiya şikayəti verəcəklərini, hətta heç bir nəticəyə baxmayaraq, Avropa Məhkəməsinə qədər işin aparılacağını bildirib:
“Avropa Məhkəməsinin qərarını alandan sonra bu rüşvətxor hakimlərlə bağlı proses başlayacaq: rüşvət alıb, hüquqsuz, qanunsuz, əxlaqsız, mənəviyyatsız qərar çıxaran hakimlərin hamısı cəzalanacaq. Yəni kim düşünürsə ki, bu qətl işindən rüşvət alıb, onu rahatlıqla yeyə biləcək, yanılır. Ramazan ayında qarşı tərəfdən rüşvət alıb, ləyaqətsiz qərar çıxaranı nə Allah bağışlayacaq, nə də bəndə”.
Jurnalist Anar Niftəliyevin hüquqlarını müdafiə edən vəkil Fərhad Mehdiyev isə məhkəmə prosesi ilə bağlı bildirdi ki, prosesdə şübhəli məqam cavabdeh tərəfin vəkilinin növbəti prosesdə iştirak etməməsi idi:
“Vəkilin prosesdə iştirak etməməsi onların əminliyindən xəbər verir. Ekspertiza rəyində bizim iddia qaldırdığımız şəxslərin təqsirini ortaya qoyan kifayət qədər dəlil var. Lakin ayın 9-na təyin edilən iclas olmadı. Növbəti iclasa isə qarşı tərəfin ümumiyyətlə vəkili gəlmədi. Səbəbi barədə isə məlumat vermədilər. Buna baxmayaraq, biz yenə də öz çıxışımızı etdik”.
F.Mehdiyev qeyd edir ki, prosesdə iştirak etməyən vəkilin əvəzinə məhkəməyə təqsirləndirilənlərdən ikisi gəlmişdi:
“Məhkəmədə ancaq əməliyyatı aparan onkoloq Mahir Məmmədov iştirak edirdi. Halbuki cavabdeh qismində əməliyyatın həyata keçirildiyi “Medi Sina” klinikasından başqa, əməliyyatı aparan hər üç şəxs - onkoloq Mahir Məmədov, həmin onkoloqu tapan və məsləhət görən asistent Fərəcullah İdrisov və anestezioloq Firuz İbrahimov iştirak etməli idi.
Hakim məhkəmədə bir dəfə iştirak edən M.Məmmədov və F.İdrisovu təqsirkar bilmədi. Halbuki onların təqsirini sübut edən yetərincə fakt təqdim olunmuşdu – baxmayaraq ki, cinayət işinin istintaqı yekunlaşmayıb və cinayət işi Bakı Şəhər Prokurorluğunda davam edir. Onkoloq M.Məmmədov da əməliyyatın keçiriləcəyi klinikanın şəraiti ilə tanış olmadığını deyir. Adicə elektroşokun olmadığı cərrahiyyə otağında əməliyyat aparan və xəstə qohumlarını arxayın salan Mahir Məmmədov əlbəttə məsuliyyət daşıyır.
Cərrah əməliyyata girmədən bunu hansı şəraitdə həyata keçirəcəyi ilə tanış olmalı idi. Əməliyyatın aparıldığı yer münasib deyilsə, o bu riski üzərinə götürməməli, xəstəni risk altına qoymamalı idi”.
Vəkil F.Mehdiyev qeyd etdi ki, məhkəmənin çıxardığı qərar heç bir hüquqi məntiqə sığmır:
“Məni ən çox məyus edən qərar isə məhkəmənin insan həyatına verdiyi qiymətdir. Xəstəxananın və həkimlərin təqsiri üzündən bir insan həyatdan məhrum edilir və bunun qarşılığında iki həkim məsuliyyətdən azad edilir, ödəniləcək təzminat isə 10 min manata endirilir. Açılmış mülki iddiada tələb edilən təzminat 750 min manat idi. Ancaq bu, Azərbaycan reallığıdır ki, bu gün məhkəmənin insan ömrünə verdiyi dəyər 10 min manatdır. Burada söhbət hansısa insanın ləyaqətinin alçaldılmasından getmir, yaşamaq hüququnun itirilməsindən gedir. Bu 100 min manatdan aşağı ola bilməz. Bu qərar heç bir hüquq məntiqinə sığmır”.
Vəkil həmçinin bildirdi ki, qətnaməni aldıqdan dərhal sonra apelyasiya şikayəti veriləcək.
Qeyd edək ki, BSU-nun dekanı, tənqidçi Elnarə Tofiqqızı ötən il sentyabrın 20-də Bakıdakı "Medi Sina" Tibb Mərkəzində cərrahiyyə əməliyyatı zamanı həyatını itirib. Həkimlərin səhlənkarlığı nəticəsində həyatını itirən E.Tofiqqızının ölümü ilə bağlı cinayət işi hazırda Bakı Şəhər Prokurorluğunda davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?