DİN nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun işçisini qətlə yetirməkdə ittiham olunan şəxsin fotolarını yayıb. “Qafqazinfo”ya daxil olan məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin və prokurorluğunun əməkdaşları 2014-cü il iyulun 11-də tamah məqsədilə törədilmiş qətl hadisəsinin üstünü açıb. Bakıxanov küçəsi 50 ünvanda yaşayan 31 yaşlı Natəvan Əliyevanın evində qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn polis və prokurorluq orqanlarının əməkdaşları istintaq əməliyyat tədbirlərinə başlayıb. Hadisə yerinə baxış zamanı qətlin tamah məqsədilə törədilməsi müəyyən olunub. Peşəkarlıqla həyata keçirilmiş istintaq əməliyyat tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Quba rayonunda anadan olmuş 26 yaşlı Tərlan Tahirov saxlanılıb. Tərlan Tahirov əməlini etiraf edərək qətli tamah məqsədilə törətdiyini bildirib. Məlum olub ki, saxlanılan şəxs təxminən 1 il əvvəl Natəvan Əliyevanın evində mətbəx mebeli quraşdırıb. Tərlan Tahirov qadının külli miqdarda pulu olacağını ehtimal edərək ünvanı yadda saxlayıb və hədə-qorxu ilə pul almaq qərarına gəlib. İyulun 11-də axşam saat 19 radələrində özü ilə bıçaq da götürən Tərlan Tahirov Natəvan Əliyevanın evinə gəlib. O, mebelin yarımçıq qalmış hissəsinin ölçüsünü götürmək adı ilə evə daxil olub. Tərlan Tahirov əvvəlcə ev sahibəsindən ölçü üçün qələm və kağız istəyib. Qadın otağa keçdikdə isə onun arxası ilə gəlib və bıçaqla qorxudub pul, qızıl tələb edib. Bu zaman Natəvan Əliyeva qışqırmağa başlayıb. Tərlan Tahirov ona əvvəlcə sinəsindən 1 bıçaq zərbəsi endirib. Sonra yerə yıxılan qadına bədəninin müxtəlif nahiyələrindən bir neçə zərbə vurub. Ev sahibəsinin öldüyünü görən Tərlan Tahirov mənzildə axtarış aparıb. O, Natəvan Əliyevaya məxsus qızıl zinət əşyalarını talayaraq hadisə yerindən qaçıb. Bıçağı isə özü ilə götürərək metronun “Həzi Aslanov” stansiyası yaxınlığında zibil qutusuna atıb. Faktla bağlı tamah məqsədi ilə qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları aparılır. Qeyd edək ki, mərhum Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant Sığorta” şirkətinin İdarə Heyətinin üzvü olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?