Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Vüsal İsayev və Şəmsi Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu ilin aprelin 21-də Bakı şəhər sakini, 76 yaşlı Nelli Sultanovanın qulaq nahiyəsində əzilmiş xəsarətləri olan meyiti yaşadığı Suraxanı rayonunun Hövsan qəsəbəsindəki mənzilində tapılıb.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində onun qonşusu Vüsal İsayev və Bakı şəhər sakini Şəmsi Məhərrəmov tərəfindən tamah məqsədi ilə qətlə yetirilməsi müəyyən edilib.
Qətli törətmiş Vüsal İsayev və Şəmsi Məhərrəmov tutulublar. Vüsal İsayev və Şəmsi Məhərrəmov evdən götürdükləri 750 manat pulu və qızıl əşyalarını təhvil veriblər.
Hakim rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxışında hər iki şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Zərərçəkmişin hüquqi varisi çıxışında prokrorun təqsirləndirilən şəxslərə məhkəmədən istədiyi cəza ilə razı olduğunu deyib.
Məhkəmə heyəti müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.
Məhkəmənin hökmü ilə Vüsal İsayev 20 il və Şəmsi Məhərrəmov 19 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?