Virtualaz.org saytı Bakı Olimpiya Stadionundakı yaxınlığındakı daxmadan çıxmaq istəməyən ev sahibi Ələkbər Hüseynovun saxlanılması ilə bağlı xəbər yayıb.
«gundemxeber.az» həmin yazını təqdim edir:
Bakıda insanların əslində heç bir iri şəhərdə görməyə öyrəşmədiyi, ağlımıza gətirməkdə belə çətinlik çəkdiyimiz qeyri-adi bir “ada-ev” var. Bu gün o evin sakinlərinin başına sözün əsl mənasında oyun açıblar.
Belə ki, polislər Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevin göstərişi ilə Hüseynovlar ailəsini bu gün sürüyərək daxmasından çölə çıxarıb. Onlar Post-Patrul Xidmətinin maşınına mindirilərək polis bölməsinə aparılıblar.
Bu məlumatı virtualaz.org saytına ev sahibi Ələkbər Hüseynov özü verdi. Ələkbər Hüseynovun sözlərinə görə, o və qardaşı Murad Hüseynov hazırda Sabunçu Rayon Məhkəməsindədirlər.
Hadisəyə isə prezident İlham Əliyevin bu gün Bakı Olimpiya Stadionundakı tikinti işlərinin gedişi ilə tanış olmaq məqsədilə Böyükşor qəsəbəsinə getməsi səbəb olub. Belə ki, prezidentin gəlişindən xəbər tutan icra başçısı həmin ailəni evindən çıxarıb. Məqsəd isə onların səslərini “batırmaq” olub.
Ələkbər Hüseynov bildirdi ki, əvvəl onların evinə nəzarət üçün iki polis əməkdaşı gəlib. Polislər ev sahiblərinə onlarla birlikdə evdə olacaqlarını, mənzildən çıxmamaq, gözə görünməmək üçün onlara nəzarət edəcəklərini deyiblər: “Biz buna etiraz etmədik. Daha sonra Sabunçunun icra başçısı Adil Vəliyev özü evimizə gəldi. Dedi ki, burada qala bilməzsiniz. İcra başçısı polislərə göstəriş verdi ki, bizi evdən zorla çıxarsınlar. Məni, qardaşımı, həyat yoldaşımı və iki uşağımı sürüyərək evdən çıxardılar. Fikirləşdilər ki, birdən biz evdən çıxıb prezidentə müraciət edərik, dərdimizi, məmurlardan şikayətimizi deyərik. Ona görə də bizi təcrid etdilər”.
Ə.Hüseynov həyat yoldaşı və iki uşağının icra nümayəndəliyinə, qardaşı Muradla onu isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinə aparıldığını söylədi. Hər iki qardaş daha sonra bölmədən Sabunçu Rayon Məhkəməsinə aparılıblar.
Ə.Hüseynov onlara qarşı polisə müqavimət maddəsi ilə ittiham irəli sürüldüyünü və hazırda məhkəmə binasında saxlanıldıqlarını dedi. Bu gün saat 15:00-da hakim İlqar Abbasovun sədrliyi ilə məhkəmə prosesi keçiriləcək.
Xatırladaq ki, Hüseynovlar ailəsi evlərinin sökülməsinin müqabilində onlara verilən kompensasiyanın məbləği ilə razılaşmır. “Dərnəgül yolu” kimi tanınan Ziya Bünyadov prospektindəki 12 saylı evdə (rəsmi ünvanları isə belədir: Böyükşor qəsəbəsi, 12) yaşayan Hüseynovlar ailəsi stadionun tikintisi ilə bağlı bütün qonşularının köçməsinə rəğmən heç yerə getməyəcəklərini deyirlər. Onlar bir ildən çoxdur ki, qaz, işıq və susuz qalıblar və ədalətli kompensasiya üçün Sabunçu RİH-lə mübahisə və mübarizədədirlər.
Hüseynovlar ailəsi evlərinin sahəsinin düzgün hesablanmadığını, onlara çatacaq kompensasiyanın az olduğunu deyir və 40 ildən artıqdır yaşadıqları sənədli evlərinin qanunsuz şəkildə sökülməsi cəhdinə etiraz edir.
Hüseynovların evi RİH tərəfindən 53 kv.metr hesablanıb. Buna görə ailənin bank hesabına 63534 manat vəsait köçürülüb. Hüseynovlar isə bu məbləğlə razı deyil. Onlar hesab edir ki, evin sahəsi daha böyükdür. Ailə evinin dəyərinin 250 min manat olduğunu bəyan edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?