Qərb ölkələrinin «müsəlman ölkəsi» olduğu üçün Azərbaycanı, ölkə iqtidarını sıxma-boğmaya saldığı iddia edilib
Hökumətyönlü QHT Əmıkdaşlığı Alyansı çərşənbə günü BMM-də 1990-cı ilin 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı «dəyirmi masa» keçirib. 20 yanvar hadisələri haqda «xalq qəhrəmanlığı» deməklə kifayətlənən Alyansın İdarə Heyətinin üzvü Vüqar Qədirov daha sonra Qarabağ probleminin həll olunmamasına toxunub. Beynəlxalq qurumlar, ATƏT-in Minsk Qrupu Azərbaycan torpaqlarını Ermənistana vermək cəhdində ittiham edilib. Dünyanın aparıcı dövlətləri, o cümlədən, Azərbaycan iqitdarının «uzun müddətli dostu» Rusiya Azərbaycanın hərbi qüdrətinin inkişafının qarşısını almaqda suçlanıb. Qərb ölkələrinin «müsəlman ölkəsi» olduğu üçün Azərbaycanı, ölkə iqtidarını sıxma-boğmaya saldığı iddia edilib. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təşkilatının İlham Əliyevi «ilin adamı» elan etməsi «Qərbə inteqrasiyaya can atan, demokratik prinsipləri qoruyan, tolerantlığı mühafizə edən, beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edən dövlət başçısı İlham Əliyevə təzyiq» sayılıb. «Bütün qüvvələrə» İ.Əliyevin ətrafında birləşmək çağırışı edilib. Qarabağı ermənilərə vermək üçün İ.Əliyevə «təzyiqlər»in artdığı qeyd olunub. Hərbi xidmətdə vəfat edən Ceyhun Qubadovun «məsələsi» də kənarda qalmayıb. Bir tərəfdən orduda əsgər ölümlərinin istənilmədiyi deyilib, digər tərəfdən isə bu ölümlərə etiraz olaraq keçirilən 12 yanvar aksiyası «düşmən quyusuna su tökmək» adlandırılıb. Bundan sonra V.Qədirov yol qəzalarında vətəndaşların daha çox həlak olduğunu xatırladaraq «bəlkə bununla bağlı da etiraz etsinlər» kimi «dahiyanə» təklif səsləndirib. Onun fikrincə, belə aksiyalar «torpaqların işğalda qalma müddətini» uzatmağa xidmət edir. Deputat Xanhüseyn Kazımlı isə 1990-cı il hadisələrilə bağlı 2005-ci ildə Rusiya qəzetlərində məqalə dərc etdirmək kimi hadisəyə «operativ» münasibətindən danışıb. Deputata görə, bu «məqalələr»in özəlliyi yazının ortasında Heydər Əliyevin, RF prezidenti Putinin, dövlət başçısı İlham Əliyevin fotosunin yerləşdirilməsidir. Ermənistana mal-mülk iddiası üçün qaçqınları Avropa məhkəməsinə müraciətə çağıran X.Kazımlıya xatırladırıq ki, həmin şəxslərin qaçqın statusu 1998-ci ildə «ümummilli lider» tərəfindən ləğv olunub. Digər natiqlərə gəlincə, 1-3 dəqiqəlik reqlamentin tətbiq olunması faktiki bu şəxslərin nə demək istədiklərini başa düşməyə imkan verməyib. Amma anlaşılan bu idi ki, iqtdar mövqeli bu qurumlar gənclərin 12 yanvar aksiyasından təşvişə düşərək vətəndaşları «iqtidar ətrafında birləşdirməyə» cəhd edirlər. “Turan”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?