Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun 1937.az-a müsahibəsi
I HİSSƏ
– Mirmahmud ağa, sizcə, ədəbiyyatla hakimiyyət əl-ələ tutub bir yerdə işləyə bilər, yoxsa mütləq üz-üzə olmalıdır?
– Ədəbiyyatla hakimiyyət bir yerdə işləyə də bilər, üz-üzə dayana da bilər. Məsələn, indi bizdə ədəbiyyatla hakimiyyət həm bir yerdə işləyir, həm də üz-üzədir. Yəni o da var, bu da var.
– Söhbət həqiqi ədəbiyyatdan gedir.
– Həqiqi ədəbiyyat heç vaxt heç kəsə tabe olmaz, heç kəslə iş birliyində olmaz! Bu, mümkün olan şey deyil. Məsələn, bizə verilən məlumata görə, Nizami Gəncəvi əsərlərinin hamısını sifarişlə yazıb. Buna baxmayaraq, o əsərlərdə nə qədər kodlar var, işarələr var. O, əvvəl hadisəni nəql edir, sonra ağıl verir, məsləhət verir, nəsihət eləyir... Amma Sovetlər birliyi dağıldı, hər yerdən bir sandıq ədəbiyyatı çıxdı, Azərbaycandan çıxmadı. Baxdın ki, elə hər kəs düşündüyünü yazıb.
– Məsələn, yaxşı olardı ki, Səməd Vurğun dünyasını dəyişəndən sonra onun arxivindən Stalinin əleyhinə yazılmış bir əsər çıxaydı.
– Bu, mümkün olan şey deyildi. Heç vaxt Səməd Vurğunun arxivindən Stalinin əleyhinə yazılmış əsər çıxa bilməzdi.
– Yazıb bir yerdə gizlədə bilməzdi ki, gələcək nəsillər görsün?
– Yenə deyirəm, mənim başa düşdüyümə görə, zaman elə zamanıydı ki, Səməd Vurğun heç vaxt belə əsər yazmazdı. Mümkün deyildi.
– Niyə?
– Çünki heç kəsə və heç nəyə etibar yoxuydu və hər şeyin dəyişəcəyinə inam da yoxuydu. Yəni vəziyyət bu qədər ağır idi.
– Sizcə, Səməd Vurğun elə bilirdi ki, Sovet hökuməti əbədidir?
– Əbədi olmağından başqa nə deyə bilərdi ki?
– Hər halda, Səməd Vurğunun da əsərlərində Nizami Gəncəvidəki kimi nəsə axtarıb tapmaq olar. Tutalım...
– Əlbəttə... Tutalım, “Vaqif” dramında xeyli şeylər tapmaq mümkündür. Səməd Vurğun da bəzi əsərlərində sözünü sətiraltı da olsa, deyib. Ancaq düşünürəm ki, “Vaqif” bütövlükdə Azərbaycan tarixinin əleyhinə olan əsərdir. Məsələn, orda İbrahim Xan təlxəyin dili ilə təhqir olunur. Halbuki İbrahim xan mütərəqqi xan idi.
– Bəs “Vaqif”də Sovet hökuməti əleyhinə nə var?
– Əsər belə başlayır ki, Vidadi namaz qılır və dua eləyir: “Xudaya, insanın halı yamandır!”. Təsəvvür elə ki, Səməd Vurğun 1937-ci ildə Vidadinin dili ilə deyir: “Xudaya, insanın halı yamandır!”. Yəni belə şeylər tapmaq olar. Amma təbii ki, burda da xətlər qırıq-qırıqdır və yaxud rabitə itib. Qətiyyən ardıcıllıq yoxdur. Bunların da hamısı qorxudandır. Bu da təbiidir. Dövr çox dəhşətli idi. Azərbaycanın bütün istedadlarından bir-birlərinə qarşı istifadə eləyirdilər. Təsəvvür elə ki, ər arvaddan arvad da ərdən yazırdı.
– 1937.az saytında Səməd Vurğunla bağlı polemika gedir...
– İzləyirəm.
– Hikmət Hacızadə Səməd Vurğunu yaman tənqid eləyir...
– Ola bilər ki, orda obyektiv fikirlər də var. Amma Səməd Vurğun işini görüb, yazdığını yazıb və qurtarıb gedib. Biz onun əsərlərini oxumuşuq. “26-lar” poemasını mən 7-ci sinifdə oxuyanda əzbər bilirdim. Həm imtahana görə, həm də müəllim tapşırıq verirdi. Yəni biz ədəbiyyatı bunlardan öyrənmişik. Məsələ burasındadır ki, o dövr ədəbiyyatının üstündən xətt çəkəndən sonra ortada heç nə qalmır. Yenə deyirəm, dövr boş qalır və müəyyən bir mərhələdə ədəbiyyatda o boşluğu hiss eləyirsən. Tutaq ki, bunun “Komsomol” poemasının üstündən xətt çəkdin, “26-lar” poemasının üstündən xətt çəkdin və başqalarının da üstündən xətt çəkdin, bəs ortalıqda nə qaldı ki?
– Bəs sizcə, həqiqi obyektiv qiymət necə olmalıdır?
– Səməd Vurğun zamanın, dövrün tələbi ilə yazırdı. Kiməsə demək olmaz ki, sən yaşamamalıydın. Adam yaşamaq uğrunda mübarizə aparırdı. Ümumiyyətlə, dünyasını dəyişmiş adam haqqında, keçmiş zaman haqqında bacarırsansa, hörmətlə danışmalısan, bacarmırsansa, heç olmasa, susmalısan. Nə onu fetişləşdirmək lazımdır, nə də təhqir eləmək doğru deyil. Məsələn, Səməd Vurğun Rəsulzadə haqqında şeir yazıb. Amma Rəsulzadə ona bir şair kimi nə boyda dəyər verib?
– Rəsulzadə deyib ki, Səməd Vurğun böyük şairdir.
– Bu, əslində, Rəsulzadənin böyüklüyüdür. Görün Rəsulzadə ona qarşı bu cür münasibət bəsləyən adam haqqında hansı fikirdədir. Deyir, adam yaşamaq istəyirsə, qoy yaşasın. Əgər o repressiya olunmursa, qoy mənim haqqımda nə deyir desin. Bu, çox normaldır. Bütün bunlara baxmayaraq, yenə deyirəm, keçmiş haqqında hörmətlə danışmaq lazımdır.
– Vaqif Səmədoğlu da Yazıçılar Birliyinin qurultayında dedi ki, mən keçmişimə səs verirəm, xatirələrimə səs verirəm.
– Hamıdan hər şey tələb eləmək olmaz. Ona görə ki, Vaqif Səmədoğlu artıq nöqtələyir. Yəni deyir ki, sabah sizindir, gedin sabahınızla məşğul olun. Sabah mənlik deyil. Mən missiyamı burda başa vururam və keçmişi seçirəm. Keçmişimlə qalıram və özüm də keçmişləşirəm. Vaqif Səmədoğlunun çıxışı bu, demək idi. Başqa bir şey deyildi. Onun yanaşmasına da hörmətlə yanaşmaq lazımdır.
– Məncə, keçmişlə yaşamaq da çətindir.
– Deyim ki, Vaqif Səmədoğlu da qoca qurddur. Çox yaxşı deyir ki, Ağsaqqallar Şurası günün 24 saatını da işləyir. Ona görə ki, burda təkcə mən özüməm. (gülür) Əslində, Vaqif də sözünü deyir.
– Mirmahmud ağa, XX əsrin əvvəllərində Mirzə Cəlil, Sabir nəyi tənqid edirdisə, bu gün də eyni şeylər tənqid olunur. Maraqlıdır, bəs Mirzə Cəlil, Sabir nə iş görüblər?
– Axı sonradan Mirzə Cəlil, Sabir yolu gedilmədi. Məsələn, niyə Mirzə Cəlilin, Sabirin yubileyləri qeyd olunmur?
– Axı hər ilə Sabir Poeziya Günləri keçirilir...
– Düzdür, hər il keçirilir. Amma Sabir Poeziya Günləri bizim bir qisim adamların gəlib özlərini orda göstərməkdən, şəkil çəkdirməkdən başqa bir şey deyil. Vaxtı ilə Sabir Poeziya Günlərində kitablar da buraxılardı. Bunun bünövrəsi rəhmətlik Rəsul Rzanın zamanında qoyuldu...
– Kitablar indi də çıxarılır...
– Kitablar çıxarılsa da, aktuallıq kəsb eləmir. Mən bilirəm ki, Sabir, Mirzə Cəlil bu gün aktuallıq kəsb eləsə, bu şəxsiyyətlər cəmiyyətə olduğu kimi təqdim olunsa, məsələn, Azərbaycan teleməkanı düzələr, onların yüngül verilişlərdən başları açılar, heç olmasa, tənqidə də yer verilər. Ancaq tərif olmaz ki...
– Bildiyimə görə, siz xalqın milli-mənəvi dəyərlərinə bağlı bir insansınız. Bu gün bəzi yazarlar sizin dəyər dediyiniz şeyləri sərt şəkildə tənqid edirlər və deyirlər ki, cəmiyyətin tərəqqisi bizim qələmimizdən keçməlidir.
– Milli dəyərləri tənqid eləmək çıxış yolu deyil. Biri var ki, gerçəklik olaraq, mollanın, ruhaninin səhv cəhətini tənqid eləyəsən, biri də var ki, mollalığın, ruhaniliyin özünü tənqid edəsən. Bunlar başqa-başqa şeylərdir. Məsələn, milli-mənəvi dəyərləri tənqid eləyən adamın bu millətə, bu mənəviyyata nə aidiyyəti var ki?
– Bəs yenilik necə?
– O başqa şeydir ki, yeni qaydalar gəlir, yeni törələr gəlir. Ancaq yazarlar var ki, valideynini də söyür, Allahı da söyür. Heç nəyi qəbul eləmir. Deyirsən ki, Allah sənə şəfa versin, deyir, Allah kimdir? Belə yenilik olar? Hər kəs düşünsə ki, millətini söyənlərə Nobel mükafatı verilir, milli-mənəvi dəyərlərini söyənlərə başqa yerlərdə qucaq açılır, daha geniş çap olunur, tərcümə olunur, dünyada kitabları çıxır, bu da yol deyil. Mirzə Ələkbər Sabir də, Mirzə Cəlil də bu yolu tutmamışdılar. Onlar geriliyi və cəhaləti tənqid edirdilər. Gerizəkalılığı tənqid edirdilər, ağılı, zəkanı tənqid etmirdilər ki...
Milli-mənəvi dəyərlərin üstündən xətt çəkməklə inkişaf eləmək, yenilik eləmək mümkün deyil. Dünyanın heç bir yerində belə şey yoxdur. Mən milli mənəvi-dəyərlərimin üstündən xətt çəksəm, bu, o deməkdir ki, Qarabağı da istəmirəm.
– Mirmahmud ağa, dünyada məşhur bir yazıçı var: Markes.
– Bəli...
– Məsələn, Markes roman yazır. Deyir, bara getmişdim, orda gözəl bir qız gördüm, gözləri çox kədərli idi. Xoşuma gəldi, ürəyimdən keçdi ki, gecəni o qızla keçirim. Markes gecəni də, romanı da o qızın gözünün kədərindən başlayır və axırda içi insani dəyərlərlə dolu olan maraqlı bir ədəbiyyat nümunəsi yaranır.
– Bəli...
– Amma bizim yazıçımız İsa Muğanna əsər yazır. Belə başlayır: zaman o zamanıydı ki, bir ucu Cənubi Azərbaycandan tutmuş...”. Artıq məlumdur ki, söhbət Azərbaycandan gedirsə, bunun o biri ucu haradır və əsər bu şəkildə davam edir.
– Bəli...
– Yəqin ki, İsa Muğanna Markes kimi barda gördüyü və gözləri kədərli bir qızla keçirdiyi gecədən roman yazsaydı, qayınları gəlib onu bıçaqlayacaqdı ki, bizim bacımıza niyə xəyanət eləmisən?
– Aydındır. (gülür)
– Biz niyə bu qədər əxlaqlıyıq?
– Böyük ədəbiyyat deyiləndə bizim meylimiz dünyayadır. Avropa ədəbiyyatınadır. Bu, belədir. Markesin vətənində məsələlər həll olunub deyə, belə şeylərdən yazır. Onun heç bir problemi yoxdur. Amma İsa Muğannanın 50 problemi var. Siyasət var, dəyişən hakimiyyətlər var... Böyük ədəbiyyat yaratmaqdan ötrü bizim ərazimizin böyüklüyünü, millətimizin böyüklüyünü dərk eləmək lazımdır. Amma bizim millətin böyüklüyünü əlindən aldılar, ərazisinin böyüklüyünü əlindən aldılar. Gör bizi neçə yerə böldülər. Borçalı bir yanda, Dərbənd bir yanda, Güney bir yanda, Quzey bir yanda... Yazıq İsa Muğanna da bu məsələlərdən yazır. Onun “Tütək səsi” bir aləmdir. “İdeal”, “Məhşər” ayrı bir aləmdir. Bunların hamısı qeyri-adi əsərlərdir. Bu adamın qələmi, qüdrəti, istedadı, bacarığı gəlib elə yerə düşüb ki, Azərbaycan bütöv deyil, Azərbaycan tam deyil. Onun istedadı da bunların dərdini çəkir. Bütün bunlardan sonra istəyirsiniz ki, hələ bu torpaqlarda Markes yaransın?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?