Yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə cərimə olunmuş gənc fəalların xeyrinə “5 qəpik” kampaniyasına ölkənin qabaqcıl hüquq və hüquq müdafiə QHT-ləri də qoşulub. Kampaniyanın məqsədi gənclərin əvəzinə cərimələrin ödənilməsi üçün vəsait toplamaqdır. Ölkənin 30-dan çox məşhur hüquqşünası və vəkili: İntiqam Əliyev, Vidadi Mirkamal, İradə Cavadova, Qurban Məmmədov, Fuad Ağayev, Adil İsmayılov, Akif Əlizadə, Anar Qasımov, Namizəd Səfərov, Əlövsət Əliyev, Ənnağı Hacıbəyli, Rəşid Hacılı, Əsabəli Mustafayev, Xalid Bağırov, Ələsgər Məmmədli, Yalçın İmanov, Elçin Sadıqov və digərləri ianə veriblər. Vətəndaş Nadir Haqverdiyev bu gün günün ikinci yarısında saxlanılıb və Səbail rayon 9-cu polis bölməsinə aparılıb. Onun saxlanılmasına səbəb 12 yanvar aksiyasında iştiraka görə cərimə olunmuş gənc fəallar üçün ianə toplaması olub. O, Fəvvarələr Meydanında oturub önünə üzərində “gəncləri dəstəkləyin” yazılan banka qoyaraq pul toplayırdı. Səbail rayon 9-cu polis bölməsindən faktla bağlı şərh verməkdən imtina ediblər. Hüquqi Maarifləndirmə Cəmiyyətinin sədri İntiqam Əliyevin verdiyi məlumata görə, kampaniyanın birinci günündə 700 manat, o cümlədən 5 qəpiklik sikkələrlə 150 manat yığılıb. Kampaniya yanvarın 27-dək davam edəcək. Toplanmış vəsaitin istifadəsində şəffaflığın təmin edilməsi üçün gənc fəallar Emin Milli. Ruslan Əsəd, Bəxtiyar Hacıyev, Nərmin Rəhimli və Zaur Əkbərin iştirakı ilə işçi qrup yaradılıb. Vəsaitlər “Bank Respublika”da Telman Tehran oğlu Mustafayevin adına açılmış hesab nömrəsinə yatırılır: HESAB (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT - BRESAZ22) Xatırladaq ki, yanvarın 12-də etiraz aksiyasında iştiraka görə 25 nəfər 300 manatdan 600 manatadək cərimə olunub. Cərimələrin ümumi məbləği təxminən 12 min manat təşkil edir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?