Azərbaycanın tanınmış hüquqşünasları seçki ilə bağlı ölkə ictimaiyyətinə müraciət ediblər. Gözətçi.az-ın xəbərinə görə, müraciətdə deyilir: “Əziz həmvətənlər, oktyabrın 9-da Azərbaycanda növbəti seçki marafonuna yekun vurulacaq. Təəssüf ki, son illər ölkədə keçirilən bütün seçkilər kimi bu seçki də azad və ədalətli sayıla bilməz. Fundamental insan haqlarının və azadlıqlarının kobud şəkildə pozulması, qanunların bu haqların ziyanına sərtləşdirilməsi, hakimiyyətlə müqayisədə demokratik düşərgənin təmsilçiləri üçün qeyri-bərabər imkanların yaradılması, dövlətin maliyyə və digər resurslarının hakim partiyanın namizədinin xeyrinə səfərbər edilməsi, müstəqil və müxalif mövqeyi ilə seçilən siyasi partiyalara, mediaya və digər vətəndaş cəmiyyəti qurumlarına və onlara dəstək verən beynəlxalq təşkilatlara basqılar şəraitində keçirilən prezident seçkisi ən minimum standartlara belə cavab vermir. Seçkiöncəsi və seçki prosesi gedişində baş verənlər hakimiyyətin ədalətli seçki keçirmək niyyətinin olmadığını bir daha nümayiş etdirdi. Onun arsenalında olan bütün vasitələrdən, o cümlədən yerli hakimiyyət orqanlarından, güc strukturlarından, seçki komissiyalarından, məhkəmələrdən, pul gücünə ələ aldığı çoxsaylı “müşahidə missiyalarından” seçkinin nəticələrini saxtalaşdırmaq üçün istifadə edəcəyi heç bir şübhə doğurmur. Cəmiyyətdəki böyük çoxluq kimi biz də hesab edirik ki, İlham Əliyevin növbəti beşilliyə ölkəyə rəhbərlik etməyə haqqı yoxdur. Təkcə ona görə yox ki, onun üçüncü dəfə prezidentliyi Konstitusiyaya, demokratiyanın təməl prinsiplərinə ziddir. Həm də ona görə ki, son 10 ildə sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət, təhsil, insan haqları və digər sahələrdə əhəmiyyətli geriləmələr göz qabağındadır, iqtisadiyyat neft sektorundan asılı vəziyyətə salınıb, korrupsiya və monopoliya dövlət idarəçiliyi səviyyəsinə qaldırılıb, opponentlərə qarşı davamlı və sistemli repressiyalar hesabına ölkədə faktiki olaraq təkpartiyalı sistem formalaşıb, ölkə orta əsr qaydaları ilə idarə olunur. Bu hakimiyyətin ömrünün daha 5 il uzadılması dinc şəraitdə əsgər ölümlərinin, orduda, polisdə, həbsxanada işgəncələrin, siyasi motivlərlə həbslərin, insanların mülkiyyət haqlarına kütləvi müdaxilənin, cüzi əmək haqları, pensiya və sosial müavinətlərin müqabilində ağlasığmaz vəsaitlərin mənasız layihələrə sovrulmasının, dövlət büdcəsinin bir ailə tərəfindən talanmasının davamı, cəmiyyətdə cəhalətin və geriliyin, sosial bərabərsizliyin və ədalətsizliyin daha da dərinləşməsi deməkdir. 21-ci əsrdə ölkəni feodal qaydaları ilə idarə edən bu hakimiyyətdən qurtulmaq gərək. Özünün, övladlarının, yaxınlarının, ölkəsinin taleyinə biganə olmayan hər kəsi oktyabrın 9-da seçki məntəqələrinə gəlməyə və bu hakimiyyətə yox deməyə çağırırıq". Müraciəti aşağıdakı hüquqşünaslar imzalayıb: İntiqam Əliyev, Vidadi Mirkamal, Əlövsət Əliyev, Ənnağı Hacıbəyli, Erkin Qədirli, Fuad Ağayev, Ələsgər Məmmədli, Əsabəli Mustafayev, Rəşid Hacılı, Anar Qasımlı, Qurban Məmmədov, Xalid Bağırov, Yalçın İmanov, Samir Isayev, Namizəd Səfərov, Əlaif Həsənov, Elçin Sadıqov, Xalid Ağəliyev, Nemət Kərimli, Cavad Cavadov.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?