Avqustun 15-də Xətai Rayon Məhkəməsində hakim Fuad Məmmədovun sədrliyi ilə Bakı şəhəri, Xətai rayonu, 171 saylı məktəbin müəlliməsi Mədinə Tağıyevanın həmin təhsil müəssisəsinin direktoru İradə Murğuzovaya qarşı iddiasına baxılacaq.
Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
Hüquq müdafiəçisi dedi ki, M.Tağıyeva məktəb direktorunun Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cəzalandırılmasını tələb edir. Bundan əlavə, müəllimə direktordan 10 min manat təzminat istəyir.
T.Rza onu da qeyd etdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi keçən dərs ili müddətində direktor tərəfindən M.Tağıyevaya verilmiş 5 töhməti dərhal ləğv edib: “Müəlliməyə İradə Murğuzovanın verdiyi töhmətlərin ləğv edilməsinə dair sənəd verilib. Belə çıxır ki, direktor müəlliməyə qarşı qərəzli olub və onu gərginlikdə saxlamaq üçün əsassız töhmətlər verib”.
Xatırladaq ki, müəllimələrin adına kredit götürərək pulu onlara ödətdirən direktor tabeliyində olan müəllimə ilə bağlı “Ay əclaf, ay əclaf qadın... Mədinə məktəbimdə ən savadısız müəllimdir. Onu məktəbdə 7 ildir necə yola verirəm, bunu bir Allah bilir. Onun kimi vicdansız bazar arvadı yoxdur. Mədinə Tağıyeva müəllim adına ləkə gətirir. Bir Mədinənin xarici görkəminə baxın, görün elə də müəllim olar? Uşaqları zəifdir, özu tərbiyəsizdir” - deyə təhqiramiz formada açıqlama verib.
Mədinə Tağıyeva isə direktor haqqında belə demişdi: “Direktorun dediyi pulu yığa bilmədim, ona görə də sinfimi bağlatdırdı. Uşaqlarımı pərən-pərən saldı. Elə o vaxtdan məndən əl çəkmir. İclaslara getmirəm, mənə töhmət yazıb vurur divara. Uşaqlar da həmin töhmətin şəkilini divardan çəkərək məni və digər töhmət almış müəlimləri şantaj edir. Bütün bu şəkillər uşaqların mobil telefonundadır. Töhmət alan müəllimin uşağa söz deməyə ixtiyarı yoxdur. Şagirdə söz deyən kimi telefonuna çəkdiyini göstərərək şantaj edir ki, sizə töhmət verilib”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?