Şahin Məmmədov isə «ƏDİRƏF» MMC-dən 400 manatlıq kompüterin 1380 manata necə alınmasının araşdırılmasını da xahiş edir
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində şahidi olduğu korrupsiya halları barədə yazıqlarına görə məhkəməyə verildiyini deyən sözügedən şöbənin sabiq məsləhətçisi Şahin Məmmədov Mia.az-a yeni məktub göndərib.
O, yazır ki, Kütləvi İnformasiya Vasitələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə yazılarım getdikdən sonra 31.07.2014-cü il tarixdə Ş.Hümbətova və «ƏDİRƏF» MMC nin sahibi Fəridə Allahverdiyeva onun yanına gəliblər: «Onlar əvvəlcə mənə yumşaq tərzdə «birdə belə şeylər yazma, onsuz da baxan olmayacaq» dedilər. Əgər birdə şikayət etməsəm, barəmdə işdən azad edilməm haqda verilmiş Əmrin ləğv edilməsində mənə köməklik edəcəklərini bildirdilər. Mən isə öz növbəmdə tutduğum düzgün yoldan dönməyəcəyimi qeyd etdim. Mən dövlətimə inanıram. Bilirəm ki, axır-əvvəl cənab İlham Əliyev bu məsələdən xəbər tutacaq və mənə kömək edəcək. Belə olduqda Ş.Hümbətova məni qohumlarımın yanında təhdid etməyə başladı. «Sənin başına oyun açacam, oğlanlarım və yoldaşım səni "başa salacaq", sən hələ bilmirsən kiminlə mübarizə aparırsan, məhkəmədə işçiləri sənin üzünə qoyduracam, səni tutduracam» kimi sözlərlə məni təhdid etdi. Mən isə DİN-ə bu məsələ ilə bağlı rəsmi şikayət etdim. Göygöl rayon Polis şöbəsinin əməkdaşı Namiq müəllim məndən bu işlə bağlı izahat aldı. Ancaq çox təəssüflər olsun ki, hələ də təhdid edilməyimlə bağlı heç bir tədbir görülməyib. Məni ailə üzvlərimin yanında təhdid etmə curəti tapan Ş.Hümbətova barəsində heç bir tədbir görülməyib.
Qəribədir ki, Ş.Hümbətova heç nədən çəkinmir, olkə Prezidenti cənab İlham Əliyevin bütün çıxışlarında "korrupsiyanın kökünü kəsməliyik", "korrupsiya bir xəstəlikdir və ölkəmizi bu xəstəlikdən xilas etməliyik" deməyinə baxmayaraq, Ş.Hümbətova öz əməllərini həyata keçirməkdə davam edir, ölkəmizin qanunlarına məhəl qoymur.
Belə ki, 12.08.2014-cü il tarixdə yaşadığım evə məktub gəldi ki, bəs barəmdə iddia qaldırılıb. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətova guya mənəvi sarsıntı keçirib, işgüzar nüfuzuna xələl gəlib və buna görə də Göygöl rayon Məhkəməsində iddia qaldırıb məndən 8000 manat təzminat alınmasını tələb edir. Səbəb kimi də mənim KİV-də etdiyim çıxışlarda qeyd olunanların yalan və böhtan olduğunu, guya mən işdən çıxarıldığım üçün belə edirəm».
Şikayətçi yazır ki, o, işdən azad edilməmişdən bir il öncədən də müvafiq qurumlara Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində Ş.Hümbətovanın "uğurla" həyata keçirdiyi korrupsiya sistemi barədə müraciətlər edib: «İndi də mənim səsimi birdəfəlik kəsmək üçün məndən 8000 manat təzminat istəyir. Bilir ki, əgər məhkəmə onun iddiasını təmin etsə, mən heç cür həmin məbləğı verə bilməyəcəm. Bilir ki, mən kasıb ailənin övladıyam, atam birinci qrup əlildir. Və belə bir ailə heç cür həmin 8000 manatı ödəyə bilməz. Bununla da korrupsiyaya qarşı mübarizə aparan, dövlətini sevən, bundan sonrakı ömründə də tək məqsədi dövlətinə xidmət etmək olan bir gənc məhbusa çevrilmiş olacaq. Mən üzümü dövlət böyüklərimizə tutaraq deyirəm. Mən Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək verdiyim üçün işdən azad olundum. Ş.Hümbətovanın həyata keçirdiyi korrupsiya əməllərinin üzə çıxarılmağında heç bir tədbir görülməzsə, Ş.Hümbətova bundan sonra da korrupsiya əməllərini davam etdirəcək.
Bundan sonra da dəyəri 400 manat olan CASPER kompuyuterini 1380 manat kimi sənədləşdirəcək.
Bundan sonra da görülməyən işlər müqabilində büdcə vəsaitlərini artıqlaması ilə ƏDİRƏF MMC nin hesabına köçürəcək.
Bundan sonra mənim işlədiyim vəzifəyə imtahan verib gələcək olan şəxs ya Ş.Hümbətovanın dediyi kimi korrupsiya əməllərinin həyata keçirilməsində iştirak edəcək, ya da mənim kimi korrupsiyaya qarşı mübarizə aparıb sonunda da qondarma ittihamlarla işdən azad ediləcək…».
Sonda onu da qeyd edək ki, Şahin Məmmədovun şikayətləri ilə bağlı bir neçə həftə əvvəl Göygöl Mədəniyyət və Turizm Şöbəsinin 120 nəfərlik kollektivi Mia.az-a məktub göndərmişdi. Orada Şahin Məmmədovun şikayətlərinin əsassız olduğu qeyd edilmişdi.
Biz isə KİV olaraq hər iki tərəfin mövqeyinə hörmətlə yanaşır və ümid edirik aidiyyatı qurumlar məsələyə müdaxilə edərək, tərəflərdən hansının haqlı olduğunu isbatlayıb, qalmaqala son qoyacaqlar
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?