Naxçıvanda bir neçə ay əvvəl qısqanclıq zəminində kabinetində döyülən nazir işdən çıxarılıb. Belə ki, MR Ali Məclisinin sədri Vasif Talıbov dünən Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Malik Rzayevin vəzifəsindən azad olunması haqda sərəncam verib. Bu haqda AzPolitika.info-ya Naxçıvandakı özəl mənbələrdən məlumat daxil olub. Malik Rzayev, qeyd etdiyimiz kimi, bir neçə ay əvvəl Naxçıvanda görünməmiş bir rəzalətlə üzləşmişdi. O, öz işçisi tərəfindən kabinetində döyülmüş, daha sonra günahı qarşı tərəfin üzərinə ataraq özünü təmizə çıxarmağa cəhd etmişdi. Bu barədə AzPolitika.info-da məlumat dərc olunduqdan sonra M.Rzayev ifşa olunaraq məqsədinə çata bilməmişdi. Hadisənin təfərrüatı rüsvayçı olduğundan o vaxt yaza bilməmişdik. Lakin artıq onun vəzifəsindən çıxarılması ilə bu məlumatlar rəsmən öz təsdiqini tapmış kimi göründüyündən qısaca deyə bilərik ki, Malik Rzayev Metrologiya və Patent üzrə Dövlət Komitəsinin xanım işçisi ilə birlikdə öz kabinetində basılmışdı. Basqınçı isə xanım işçinin yenə də adıçəkilən komitənin əməkdaşı olan həyat yoldaşı olmuşdu. Hadisədən dərhal sonra hər iki tərəf polisə şikayət etmişdi. Deyilənə görə, Malik Rzayev öz ifadəsində xanım işçisinə “yazı yazdırarkən” qısqanclıq zəminində hücuma məruz qaldığını bildirmişdi. Onun bu ifadəsini komitənin digər işçiləri də təsdiqləmişdilər. Qarşı tərəf isə öz şikayətini ittihamlar üzərində qurmuşdu… Lakin polisdə aparılan araşdırma xeyli uzandı. Bir müddət camaat arasına çıxmayan Malik Rzayev də öz işinin başında qaldı. Hətta bir ara məlumatlar da gəlməyə başladı ki, namusuna sataşıldığı üçün komitə sədrini döyən şəxsi dəlixanaya salıblar… Həmin vaxt bizə verilən məlumatda bildirilirdi ki, hadisənin baş verdiyi günlərdə MR Ali Məclisinin sədri Vasif Talıbov xaricdə olub. “Hamı MR rəhbərinin Malik Rzayevlə bağlı nə qərar verəcəyini maraqla gözləyir. Çünki belə məsələlərə onun münasibəti sərt olur”, deyə mənbə bildirmişdi. Lakin Vasif Talıbov Naxçıvana qayıtsa da, gözlənilən qərar verilməmişdi. Görünür Ali Məclis sədri daha dərin araşdırmaların bitməsini gözləyib… Onu da qeyd edək ki, öz kabinetində basılmış komitə sədrinin fərari olduğu, vaxtilə hərbi xidmətdən yayınmaq üçün o vaxtkı pulla 300 min manat pul verdiyi də AzPolitika.info-ya daxil olan məlumatlar sırasında idi. Hərbi xədmət keçməmiş bir şəxsin yüksək vəzifə tutması isə “Dövlət Qulluğu Haqqında” Qanuna ziddir. Bizə verilən məlumatlarda Malik Rzayevlə bağlı daha ciddi ölçünün götürüləcəyi də istisna edilmir… Vaqif NƏSİBOV AzPolitika.info
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?