Bir müddət öncə Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Gürcüstanda həbs olunan keçmiş Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Daşqın Ağalarlı sərbəst buraxılıb. Modern.az saytının xəbərinə görə, bu barədə məlumatı D.Ağalarlının özü verib.
"Tam və qəti olmayan, keçici bir qərarla azadlıqdayam. İnsallah sonra qəbul ediləcək qərarlar daha konkret və daimi olar” - deyə, D.Ağalarlı bildirib.
Qeyd edək ki, Daşqın Ağalarlı AXC hakimiyyəti dövründə Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifəsində işləyib. Surət Hüseynovun adamları cəbhə hakimiyyətini devirərkən onu da girov götürmüş, sonra külli miqdarda pul müqabilində buraxmışdılar.
Son vaxtlar o, Azərbaycanda külli miqdarda vergidən yayınmada ittiham olunaraq, beynəlxaql axtarışa verilmişdi.
Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bu barədə saytın sorğusuna cavab olaraq bildirilmişdi ki, Azərbaycanda 4 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan “Eko İnşaat” MMC-də 24 941,04 manat əlavə dəyər vergisinin dövlət büdcəsinə ödənilməkdən yayındırılması barədə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş material üzrə 2011-ci il martın 3-də Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılarkən məhkəmə qərarı ilə müəssisədə aparılan növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 394010,97 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilib.
Məlumatda qeyd edilirdi ki, istintaq zamanı “Eko İnşaat” MMC-nin direktoru Daşqın Ağalarlının 2013-cü il avqustun 15-də CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmayıb: “Odur ki, həmin tarixdə barəsində Cinayət Prosessual Məcəlləsinin 278-ci maddəsi ilə axtarış elan edilib. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 27 avqust 2013-cü il tarixli qərarı ilə Daşqın Ağalarlı barəsində həbs-qətimkan tədbiri seçilib və cinayət işi üzrə icraat, CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılıb”.
Məlumatda o da bildirilir ki, Daxili İşlər Nazirliyinin İnterpol-un Milli Mərkəzi Bürosundan 2014-cü il martın 3-də daxil olan məktubda beynəlxalq axtarışda olan, Daşqın Ağalarlı Sarpi sərhəd keçid məntəqəsi vasitəsilə Gürcüstana daxil olarkən saxlanılıb.
Azərbaycanın Baş Prokurorluğunun Beynəlxalq əlaqələr idarəsi Daşqın Ağalarlının respublikaya ekstradisiya məsələsinin həll edilməsi üçün müvafiq işlər həyata keçirirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?