Mayın 5-də azadlığa çıxan sabiq deputat Gülər Əhmədovadan çoxdandır xəbər yoxdur. Azadlıqda olduğu son 4 ay ərzində G.Əhmədova demək olar ki, mediaya xəsisliklə müsahibə verir, cəmiyyətdə gedən proseslərə reaksiya göstərmir.
Amma son olaraq, ANS televiziyasının tanınmış aparıcısı olan qardaşı İlqar Mikayıloğlunun işdən çıxması, ardınca ANS rəhbərliyinin bu məsələdə verdiyi reaksiya diqqət cəlb edən oldu. Rəhbərlik sətiraltı İ.Mikayıloğlunu bacısı G.Əhmədova həbsdə olduğu zaman işdən azad etmədiklərinə işarə vuraraq, “yəqin özünə yağlı qapı tapıb” dedi.
“Yeni Müsavat” isə G.Əhmədova ilə əlaqə saxlayıb, həm qardaşının işdən çıxması, həm də məhbus qadın kimi yaşadıqlarından danışdı.
Müsahibimiz öncə bildirdi ki, mətbuatda görünməməsi və hər hansı mövzu ətrafında danışmaması tamamilə təbiidir: “Danışmalı heç nə görmürəm. Nəsə bir mövzu olsa danışacam”.
Müsahibimiz qardaşının işdən çıxması məsələsindən də danışmaq istəmədiyini bildirdi. Dedi ki, qardaşı ilə bu barədə danışsa da, bu mövzuda mediada şərh vermək istəmir: “Bunların hamısı bizim daxili söhbətlərimizdir, mətbuat üçün danışmaq istəmirik”. Söhbət zamanı G.Əhmədovadan tanınmış eks məhbus qadın olaraq yaşadığı çətinlikləri soruşduq. Məlum, hüquq müdafiəçisi Leyla Yunus vəkili vasitəsilə türmədəki problemlərini çatdırıb. Hətta o, həyat yoldaşı Arif Yunusa yazdığı məktubunda saxlandığı kamerada bir gəncəli məhbus qadının ona problem yaratdığını demişdi. G.Əhmədova isə türmə qanunlarının hamı üçün eyni olduğunu dedi: “Qaydalar hamı üçün eynidir. Mən ümumiyyətlə, kaprizli deyiləm, heç türmədə də elə olmamışam. Ona görə də hər hansı problemim olmayıb. Amma istəyirsən məşhur ol, istəyirsən qeyri-məşhur, türmə çətin yerdir. Qayda-qanuna riayət etməlisən ki, əziyyət çəkməyəsən. Heç bir ayrıcalıq olmur, ən azı mən görməmişəm. Ora qayda-qanun şahdır və sən ona riayət etməlisən”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?