Nərgiz Nağıyeva: "Azəriqaz"da mənim ixtisas və peşəmə uyğun kifayət qədər iş yerləri var"
Nağıyeva Nərgiz Allahverdi qızı 2006-cı ildə "Azəriqaz" QSC-nin 1 saylı Qaz İstismarı Sahəsinə 4-cü dərəcəli çilingər nəzarətçi vəzifəsinə işə qəbul edilib. 2008-ci il tarixdə bu idarənin Qaz Qəza Dispetçer Xidmətinə 4-cü dərəcəli operator vəzifəsinə keçirilib. 2010-cu ildə isə Qaz İstismarı Sahəsi ilə yenidən əmək müqaviləsi bağlayaraq Qaz kəmərlərinin və avadanlıqlarının istismarı xidmətinə 4-cü dərəcəli xətt baxıcı vəzifəsinə təyin edilib.
"Azəriqaz" İB-nin Suraxanı Qaz İstismar Sahəsinin 30.05.2014-cü il tarixli, 74 k saylı əmri ilə N.Nağıyeva ilə bağlanan əmək müqaviləsi ləğv edilib. Burada işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndi ilə "işçilərin sayı və ya ştatları ixtisar edildikdə" əsası ilə vəzifəsindən uzaqlaşdırıblar.
"Mənimlə bağlanmış əmək müqaviləsinin ləğv edilməsini əsassız və qanunsuz hesab edirəm. İşlədiyim müddətdə vəzifə və öhdəliklərimi layiqincə yerinə yetirmişəm. İşəgötürən tərəfindən bu funksiyaların yerinə yetirilməsi ilə əlaqədar mənə qarşı hər hansı bir irad tutulmayıb", - deyə N.Nərgiz "Bizim Yol"a ünvanlandırdığı müraciətdə bildirir.
Şikayətçi işə bərpa və bərpa olunan günə qədər məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də, iddia ərizəsi təmin edilməyib. Nağıyeva apellyasiya şikayəti verib.
Onun fikrincə, bir sıra məsələlərdə onun hüquqları kobud şəkildə pozulub: "Qanunvericiliyə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən, işəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər görür. Lakin "Azəriqaz" işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müvafiq tədbir görməyib, məni bu sahədə və ya istehsalat birliyinin digər müəssisələrində işlə təmin etmək üçün heç bir tədbir görməyib. Baxmayaraq ki, mənim bu sahədə işləmək üçün "mühasib, fərdi kompüter operatoru" kimi digər bir ixtisasım da var. Eyni zamanda, "Azəriqaz"da mənim ixtisas və peşəmə uyğun kifayət qədər iş yerləri mövcuddur.
Bundan əlavə, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin qanuna müvafiq əsaslandırılmış əmr olmayıb. Bu əmri Suraxanı Qaz İstismar Sahəsinin sahə rəisi Hacı Şahbazov tərəf kimi imza edib. Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrə Suraxanı Qaz İstismar Sahəsinin sahə rəisi Hacı Şahbazov tərəfindən, Əmək müqaviləsinin ləğv edilməsi barədə razılığı isə bu Sahənin Həmkarlar İttifaqı Təşkilatı deyil, "Azəriqaz" İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov verib ki, bu da qanunsuzdur".
"Ştatların ixtisarı həyata keçirilərkən daha yüksək peşə dərəcəsi olanlar işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Müəssisədə qeyd olunan ixtisar aparılıbsa, hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə edilib? Nəyə görə digər işçilər deyil, mənim ixtisar olunmağım əsaslandırılmayıb. Bu müqayisələr hansı qaydada aparılıb və kimin işdə saxlanılması hansı müqayisə və sənədlərlə təsdiq olunub? Halbuki, 2006-cı ildən olmaqla 8 ildən yuxarı iş stajına malikəm, peşəkarlığıma, səviyyəmə və əmək intizamı ilə əlaqədar müdiriyyət tərəfindən heç bir vaxt mənə irad tutulmayıb, iş stajına və peşəkarlığıma görə digər işçilərdən geri qalmıram",- deyə şikayətçi qeyd edir. Nağıyeva iddia edir ki, Suraxanı Rayon Məhkəməsinin 23.07.2014-cü il tarixli, 2(010)-4562//2014 saylı Qətnaməsi qəbul edilərkən bir sıra prosessul hüquq normaları pozuntusuna yol verib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?