Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən məscid otaqlara bölünərək kirayələr verilir. Məscidin qapısı ağzında “kirayə ev” sözü yazılmış elan var. Kənardan baxanda əslində tikilinin məscid olduğunu zənn etmirsən. Onun sadəcə bir ev olduğunu düşünürsən. Yoldan ötən, birinci dəfə buralara ayaq basan adam darvazadan içəri keçməmiş biz yazdığım kimi düşnər. Ancaq qəsəbə camaatıyla söhbət etsə, Allahın “evi” olduğunu ona deyərlər. Biz də elə düşünürdük. Bu barədə az sonra...
Polis müraciəti niyə araşdırmır?
Öncə keçək “Gündəm Xəbər” qəzetinə göndərilən bir şikayət məktubunun mətninə. Belə ki, qəsəbə sakini Zakir Kərimov qəzetimizə müraciət edərək bildirir ki, işlətdiyi “Avto yuma” mərkəzinə görə ona narahatçılıq yaradırlar. Şikayətçi ona yardılan əngəllərlə bağlı dəfələrlə 102-ə zənglər etdiyini, 40-cı polis bölməsinə şikayətlər yazdığını bildirir. Onun sözlərinə görə, bölmənin baş leytnantı Eldəniz adlı şəxs deyib ki, buradan köçsün: “Məni narahat edən Hacı Azərə yaxınlaşıb, “niyə məni burada işləməyə qoymursan” deyə sual verdim. O da Eldəniz kimi dedi ki, çıx get!”. Zakir Kərimov probleminin haradan qaynaqlandığını da aydınlıq gətirir. Yazır ki, təxminən 8 ay öncə axşam saat 23-24 radələrində Hacı Azər zəng etdi. Dedi ki, kəlbətini götürüm onlara gəlim. Mən də kəlbətini götürüm onlara getdim. Həyətə daxil olan kimi çay süfrəsinə məni dəvət etdi. O, mənə “çox gözəl bilirsən səni niyə çağırmışam” dedi. Sonra mətləbə keçdi. Bildirdi ki, gəl bu villada qal. Ancaq bir şərtlə ki, bağıma və hətimə bax, avto yuma və kafeni işlət. Ona bildirdim ki, qaldığım yerdə həm də işləyirəm. Burada qalmağım mümkün deyil. O da cavabında söylədi ki, mənimlə razılaşmasan burada yaşamayacaqsan. Sonra da əlavə etdi ki, Azərbaycanda hər yerdə ona yaşıl işıqdır. Kimə istəsəm müraciət edə bilərəm. Onun üçün heç bir problem yoxdur”.
Məscid adıyla, imarət ucaltmaq?
Zakir Kərimov şikayət məktubunda qeyd edir ki, Hacı Azər 2006-cı ildə Sulutəpədə “peyda” olandan sonra hər yerdə “Allahın evini tikirəm” deyərək bir neçə adamdan pul yığıb: “Həmin pulla özünə villa və kafe tikib. Ancaq məscid deyilən yeri bir neçə ailəyə kirayə verib. “Allahın evini tikirəm” deyib tikilini bir neçə ilə bitirdi. Bu zaman orada işləyən usta və fəhlələrə nə pul verdi, nə də alətlərini. Mən də o zaman tikilinin inşasında işləyirdim. Bizim də pulumuzu vermədi. “Allahın evini tikirik” deyib pulsuz işləməyimizi söylədi. Mən də haqqımı halal etmirəm dedim. “Cıx cəhənnəm ol! Hamı bilir ki, məscid tikirəm. Heç kim heç nə deyə bilməz” deyərək məni həyətdən qovdu”. Şikayətçi qeyd edir ki, 10 ildən çoxdur o avto yuma məntəqəsini işlədir: “Bu müddət ərzində “məscid” tikildi və orada villa, kirayəşinlər üçün mənzillər, kafe və avto yuma mərkəzi də inşa edildi. Hazırda bu obyektlər üçün Hacı Azər heç bir kommunal xidmət haqqı ödəmir. Dövlət tərəfindən bura gələn şəxslərə “Allahın evidir” deyir və obyektləri təzə açılmış kimi qələmə verir. Halbuki, bu sadaladığım obyektlər ayda bir nəfər kirayəyə verilir. Heç kimlə yola getmədiyi üçün onunla işləmkdən imtina edirlər. İndi əksər maşın sahibləri mənim avto yumama gəlib avtomobillərini yuduzdururlar. Bu isə Hacı Azərə xoş gəlmir. Bu səbəbdən də məni buradan uzaqlaşdırmaq istəyir”.
Hacı Azər Mehriban Əliyevanın sinif yoldaşıdır?
Şikayətçi məktubunun sonunda bildirir ki, Hacı Azər özünü Mehriban Əliyevanın sinif yoldaşı kimi qələmə verir: “Bu sözə görə ona dəyib dolaşan yoxdur. Bələdiyyə, icra nümayəndəliyi, polis böməsi bir sözlə qəsəbədə yerləşən hər hansı dövlət müəssisənin əməkdaşı Hacı Azərə heç nə edə bilmir”. Zakir Kərimovun yazdığına görə, o Hacı Azərdən fərqli olaraq işlətdiyi obyekt üçün vergi, Sosial Fonda yardım və kommunal xidmət haqqı ödəyir: “Heç nəyi qanunsuz işlətmirəm. İşlətdiyim obyekt üçün nə lazımdırsa onu da edirəm. Ödədiyim bütün pulların qəbzləri məndə var. O isə “Allahın evidir” deyib, sui istifadə edir, insanlara hədə-qorxu gəlir. Bundan başqa məscid adıyla evlər, kafe və avto yuma kirayə verir. Nədən onun qanunsuz fəaliyyətinə göz yumulur? Hacı Azər barəsində niyə heç bir ölçü götürülmür. Mənim şikayətlərim, onun hədə-qorxu dolu mesajlarına görə etdiyim müraciətlər nə vaxt araşdırılacaq? Evimdə körpə böyüyür. Qışın bu çağında hara gedim? Nəylə yaşayım? Xahiş edirəm bu məsələylə bağlı aidiyyəti qurumlar ölçü götürsünlər”.
Bura məsciddir, yoxsa karvansaray?
Zakir Kərimovun yazdığı bu ittiham dolu məktubunda maraqlı nüanslar olduğu üçün araşdırmaq qərarına gəldik. Sizə təqdim etdiyimiz kimi olan bu məktubun iziylə Sulutəpəyə yollandıq. Hacı Szərin “tikdirdiyi” məscidin yanına açtdıq. Əcaba, həqiqətənmi, bura məsciddir? İlk baxışdan bura ancaq mənzilə oxşayır. O mənzilə ki, sahibi qapısının ağzında dükan və başqa obyektlər açır ki, beş-on manat çörək pulu qazansın. Ancaq məsciddə belə bir şeyin olması, otaqlara verilərək kirayə verilməsi olduqca maraqlı və maraqlı olduğu qədər də gülməlidir. Darvazının qarşısında “kirayə ev” yazılmış elan da var. Elanın yazılışı belədir – “KIRAYƏ ЭV”. Bütün hərflər latınca, e hərfi isə rus qrafiki ilə. Yaşıl rəngli, bir az da paslanmış darvazadan içəri boylanırıq. İçəridə bir neçə otaq var ki, kirayə verilib. Bir-ikisi isə sahibini – kirayənişini gözləyir. Məscidin birinci mərtəbəsində nə az, nə çox, 6-7 ədəd obyekt tikilib. Bunlar kafe, avto yuma, avto təmir və başqalarıdır. Məscidə isə heç kim gözə dəymir. Maraqlanırıq, məlum olur ki, insanlar buradan – Allahın “evi”ndən o qədər də istifadə etmirlər. Nədənini isə yuxarıda qeyd etdik. Hacı Azəri isə tapa bilmədik ki, bütün bu olanlara aydınlıq gətirsin. Ümid edirik ki, o bir gün suallarımıza cavab verəcək.
***
Sulutəpədəki məsciddən ayrılıb, redaksiyaya dönürük. Əslində, bizim məqsədimiz qəsəbədki başqa problemlərə də işıq salmaq idi. Ancaq buradakı olayı görüb planımızın çalın-çarpaz xətt çəkirik. Bu, elə Sulutəpə boyda bir problemdir... Ramin DEKO
Sorğu
Yeni dizaynımız necədir?