Füzuli Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Almaz Həşimova qanunsuz əməllərindən əl çəkmək niyyətində deyil.
Artıq xeyli müddətdir şöbə müdiri postunu tutan xanım məmur rayonun icra başçısı Alı Alıyevin himayəsi altında bir sıra xoşagəlməz işlərə imza atıb ki, bunun nəticəsində maddi durumunu yaxşılaşdıra bilib. Xatırlayırsınızsa, bir müddət əvvəl Füzuli Rayon Təhsil Şöbəsində Maliyyə Nazirliyi tərəfindən yoxlamaların aparıldığı və 1 milyon manata yaxın büdcə kəsirinin aşkarlandığı barədə xəbər yayılmışdı. Qeyd edək ki, həmin vaxt "Gündəlik Bakı" qəzeti olaraq Almaz Həşimovanın fəaliyyətindəki qaranlıq məqamlara işıq salaraq onun hansı işlərdə əlinin olduğunu yazmışdıq. Bu vəzifəyə qədər 116 saylı peşə məktəbinin direktoru işləmiş, habelə "Şırılqan"a rəhbərlik etmiş Almaz Həşimova Alı Alıyevin icra başçısı kürsüsünə əyləşməsindən sonra karyera yolunda irəliləməyə başlayıb. Deyilənə görə isə son vaxtlar icra başçısı ilə şöbə müdirinin münasibətləri kəskin pisləşib. Buna səbəb Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı Almaz xanımın Alı Alıyevin yanına gedərək ona yardım etməsini istəməsi olub. Lakin icra hakimi şöbə müdirinə gözləmədiyi cavabı verərək ona otağını tərk etməsini əmr edib. Beləcə köhnə dostların münasibətləri pozulub. Qeyd edək ki, Füzuli RTŞ-də aparılan maliyyə yoxlamaları böyük səs-küyün yaranmasına səbəb olmuşdu. "Yoxlamalar zamanı Almaz Həşimovanın rəhbərliyi altında fəaliyyət göstərən şöbədə 1 milyon manata yaxın büdcə kəsiri qeydə alınıb. Çıxılmaz vəziyyətdə qaldığını görən şöbə müdiri büdcə kəsirini kompensasiya etmək üçün məktəb direktorlarını bir araya yığıb. Məndə olan məlumata görə, şöbə müdiri 1 milyon manata yaxın olan büdcə kəsirini qapatmaq məqsədilə bütün direktor və müəllimlərdən 80-100 manat arası pul yığıb", deyə məlumatda bildirilirdi. RTŞ müdirinin işindəki neqativ məqamlarla bağlı yeni məlumatlar əldə etmişik. Adının çəkilməməsini xahiş edən mənbənin redaksiyamıza verdiyi bilgilərə görə, Maliyyə Nazirliyinin məlum yoxlamasından sonra Füzuli Rayon Maliyyə İdarəsində aləm bir-birinə dəyib: "Almaz Həşimovanın imza atdığı yeyinti məsələsinin güdazına idarənin baş mühasibi Niyaz Bayandurov getdi. Yoxlamalar zamanı aşkar edilən qanunsuzluqlardan sonra baş mühasib işdən çıxarıldı. Almaz Həşimova isə Niyaz Bayandurova söz verib ki, səni başqa işə düzəldəcəm. Ümumiyyətlə, şöbə müdiri özü də yüksək vəzifəyə can atır. Rayon təhsil şöbələrinin ləğv edilməsi adını çəkdiyim məmuru xeyli qayğılandırıb. Şöbə müdiri çox narahat görünür. Digər tərəfdən isə xanım Həşimova fikirləşir ki, təhsil şöbələrinin ləğvi onun indiyə kimi həyata keçirdiyi qanunsuz hərəkətlərin üstünü ört-basdır edəcək. Məndə olan məlumata görə isə hazırda təhsil şöbəsinin müdiri vəzifəsində çalışan şəxslərin bir çoxunun barəsində cinayət işi açıla bilər ki, onların arasında Almaz Həşimovanın da adı hallandırılır. Vəzifədə olduğu müddətdə xeyli sayda özbaşına işə imza atan şöbə müdiri külli miqdarda büdcə vəsaitini təyinatı üzrə sərf etməyib. Şöbə rəhbərinin bu günə qədərki fəaliyyəti yoxlansa, onun həbsi qaçılmaz olacaq". Mənbə həmçinin onu da qeyd etdi ki, Füzulinin təhsil sistemini yaman günə salan şöbə müdiri Təhsil Nazirliyində yüksək vəzifəyə keçmək istəyir: "Həbs məsələsi gündəmə gələn Almaz xanım nazirlikdə şöbə müdiri çalışmaq arzusundadır. Nazir Mikayıl Cabbarovun belə bir mühüm vəzifəyə onu təyin edəcəyi inandırıcı deyil. Nazir hansı xidmətlərinə görə bu şəxsi vəzifədə qabağa çəkməlidir? Almaz Həşimova qanunları pozmaqla məşğuldur. Məsələn, 2004-cü ildə qəbul edilmiş "Korrupsiyaya qarşı mübarizə haqqında" Qanunun 7-ci maddəsinin tələblərinə əsasən, yaxın qohumların birgə işləməsinə yol verilmir. Belə ki, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər. Almaz Həşimovanın gəlini Pərvin xanım isə Dərnəgüldəki 48 saylı Füzuli köçkün məktəbinin işçisidir. Şöbə müdiri gəlininin "ilin müəlliməsi" adına layiq görülməsi üçün nazirliyə təqdimat verib. Yaxın qohumların bir yerdə işləməsinə icazə verilmədiyi halda, xanım məmur gəlinini öz tabeliyində işlədir. Bu, RTŞ rəhbərinin qanunlara qarşı sayğısız davranmasının bariz nümunəsidir". Mənbənin bildirdikləri hələ Almaz Həşimovanın özbaşına əməllərinin bir hissəsidir. Gələn saylarımızda Füzuli RTŞ-də cərəyan edən dəhşətli hadisələrdən söhbət açacağıq və onu da qeyd edəcəyik ki, Almaz xanım öz gəlini Pərvin müəlliməni internat məktəbinə müdir təyin etmək üçün əlindən gələni edir. Qarşı tərəfi də dinləyə bilərik.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?