Rusiya özünün Cənubi Osetiya və Abxaziyadakı hərbi bazalarını da gücləndirir
Rusiya Cənubi Qafqazdakı silahlı birləşmələrinin və bölgədəki müttəfiqlərinin hərbi qüvvələrinin döyüş hazırlığını artırır. Burada Rusiyanın Ermənistandakı anklav birləşmələrinə xüsusi diqqət yetirilir. Bu hazırlıqlar Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətlə əlaqədar Azərbaycan tərəfdən Ermənistana, İsrail tərəfdən isə İrana qarşı mümkün hərbi əməliyyatların başlaması ilə bağlıdır. Bu barədə Rusiyanın «Nezavisimaya qazeta»sında dərc olunmuş məqalədə deyilir. Qəzetin yazdığına görə, Rusiya hökuməti prezident Vladimir Putinin tapşırığı ilə təcili şəkildə Ermənistanla hərbi-texniki əməkdaşlığın inkişafına dair saziş layihəsi hazırlayır. RF-nin Müdafiə Nazirliyi isə yanvarın 15-dək Rusiyanın Gümrüdə (Ermənistan) dislokasiya olunmuş 102-ci hərbi bazasının müqavilə əsasında cəlb olunan hərbçilərlə formalaşdırılmasını başa çatdırıb. Son yarım ildə buradakı hərbçilərin sayı iki dəfə artırılıb. Halbuki bazanın ştat üzrə əməkdaşları 5 min hərbçi olmaqla sabit qalıb. Hərbi ekspertlərin fikrincə, 102-ci bazanın təcili şəkildə peşəkarlardan formalaşması bölgədə geosiyasi vəziyyətin mümkün gərginləşməsi ilə bağlıdır ki, bu da Rusiya və onun regiondakı müttəfiqləri üçün təhlükə yaradır. Bununla yanaşı, qəzet yazır ki, Rusiya özünün Cənubi Osetiya və Abxaziyadakı hərbi bazalarını da gücləndirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?