Bakı Ağır Cinayətlər Məhkəməsində Təhsil Nazirliyində şöbə müdirinin müavini işləmiş Orxan Kərimovun məhkəmə prosesinin keçirilməsi barədə ötən sayımızda xəbər vermişdik. Qeyd etmişdik ki, dövlət ittihamçısı Ramazan Hadıyev Orxan Kərimova 7 il 5 ay 5 gün şərti cəzanın verilməsini, bu cəzanın 3 ili sınaq müddəti olmasını və onun da 2 ilini heç bir dövlət vəzifələrində işləməməsini məhkəmədən xahiş etmişdi. Orxan Kərimov açıqlamasında prokurorun cəza tələbinə münasibət bildirərək deyib ki, məhkəmədə bəraət alacağına inanır: “Müdafiə nitqimdə mənim və vəkilimin səsləndirəcəyi təkzibolunmaz faktlar hər şeyi sübut edəcək. Bir daha görünəcək ki, mənim heç bir günahım yoxdur”. Orxan Kərimov dövlət itthamçısının çıxışına da öz münasibətini bildirdi: “Prokurorun çıxışı yalnız istintaqın apardığı nəticələr üzərində qurulmuşdu. Halbuki mənim məhkəmədə söylədiyim faktlar onun çıxışında yox idi. Pul almaqla bağlı bir neçə faktı deyim. Mən Ankarada, Vilnüsdə və başqa xarici ölkələrdə olanda tələbə köçürmələri olub. Məhkəməyə Dövlət Sərhəd Xidmnətinin arayışını təqdim etdik. Orada da qeyd edilmişdi ki, həmin tarixlərdə ölkədə olmamışam. Xaricdə ola-ola hansısa tələbənin köçürməsində iştirak etmək fiziki cəhətdən mümkün deyil. Əgər prokuror yalnız istintaqın gəldiyi qənaətdən nəticə çıxarcaqdısa, onda məhkəmə niyə keçirilirdi?”. Orxan Kərimov deyir ki, həbs olunan Rafiq Hüseynov 2007-ci ildən başlayaraq onun adından pul alırmış: “Bundan başqa, məhkəmədə 80-ə yaxın şahid və zərərəçəkən məni tanımadıqlarını dedilər. Yalnız Rafiq Hüseynovun istintaqa verdiyi quru sözlərdir. 2009-cu ildə ürəyimdən əməliyyat olunanda cinayətlər baş verib, bunu mənə aid ediblər. Rüşvət maddəsiylə verilən cinayət tələbə köçürmələriylə bağlıdırsa, bunun mənə aidiyyəti yoxdur. Çünki mənim tələbə köçürmələriylə bağlı heç bir səlahiyyətim yoxdur. Günahsız olduğumu sübut edib, bəraət ala biləcəm”. Ramin DEKO
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?