Gənc fəala ailəsi ilə görüşə icazə verilmir; “Yeni Müsavat” və “Azadlıq” qəzetləri ona çatdırılmır Sentyabrın 4-də Binəqədi rayon Məhkəməsində gənc siyasi məhbus Orxan Əyyubzadənin növbəti məhkəmə prosesi keçirilib. Məhkəmədə gənc fəalın ailə üzvləri və yaxınları iştirak ediblər. Hakim növbəti məhkəmə prosesinin sentyabrın 12-i saat 10:00-a təxirə salınması barədə qərar çıxarıb.
Bu barədə musavat.com-a müdafiə tərəfinin şahidi, Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı məlumat verib. O, məhkəmə prosesinin açıq keçirildiyini bildirdi: “Bu gün Orxan Əyyubzadənin məhkəməsi oldu. Prosesdə mən, iki şahid və zərəçəkən tərəf iştirak etdi. Zərəçəkənlərdən ikisi ifadə verdi. 3 nəfər şahid prosesə gəlməmişdi. Prokuror həmin şahidlərin prosesə gətirilməsini tələb etdi. Mən müdafiə tərəf kimi ifadəmi verdim. Bildiyimiz kimi, Binəqədi Təcridxanasında Orxanla mən bir kamerada saxlanıldığımız zaman münaqişə baş vermişdi. Orxanın özü, vəkili və ailə üzvləri məhkəmədə iştirak edirdi. Bundan əlavə, təcridxananın əməkdaşları kütləvi şəkildə prosesə gəlmişdilər. Şahid və zərərçəkmiş olmayanlar belə mülkü geyimdə məhkəmə gəlmişdilər”. Tural Abbaslı Orxan Əyyubzadəyə qəzet verilməməsini qeyd etdi: “Orxanın əhvalı yaxşıdır. Yalnız şikayəti ona qəzetin verilməməsidir. Özü də qeyd etdi ki, son həftə ərzində abunə olmasına baxmayaraq, qəzetlər ona çatdırılmır. Tələb etsə də, məhəl qoyan yoxdur. Onu da bildirdi ki, bundan əvvəl ya “Yeni Müsavat” ya da, “Azadlıq” qəzetini ona verirmişlər. İki qəzeti eyni zamanda vermirlər”.
Orxan Əyyubzadənin hələ də ailəsi ilə görüşünə icazə verilmir. Saxlandığı təcridxana hakimin icazə kağızı olmadan görüşün mümkünsüz olduğunu bildirir. Hakim isə, yeni qanuna görə , təcridxana rəhbərliyinin görüş icazəsinin olduğunu qeyd edir. Beləliklə, hər iki tərəf məsələni bir-birinin üzərinə atırlar.
Qeyd edək ki, Orxan Əyyubzadə bu il mayın 6-da NİDA-çılara oxunan hökmə etiraz etdiyinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin önündə həbs edilərək, 20 sutka inzibati həbs cəzası alıb. Lakin mayın 26-da cəza müddəti bitən gənc fəal azadlığa buraxılmamışdı. Binəqədi Rayon Məhkəməsinə aparılaraq, barəsində 315.1 maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) cinayət işi açılmışdı. İyunun 25-də həbs qətimkan tədbirinin müddəti başa çatan gənc fəallın həbs müddəti daha bir ay uzadılmışdı.
Hazırda onun işinə Binəqədi Rayon Məhkəməsində baxılır. Orxan Əyyubzadəni ona qarşı irəli sürülən ittiham üzrə 1 ildən 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?