Oktaybrın 8-də jurnalist Fərahim İlqaroğlunun qəddarcasına döyülməsi ilə bağlı başlanan cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Musavat.com-un xəbərinə görə, məhkəmə iclası Bakının Nizami rayon Məhkəməsində hakim Ramil Həsənovum sədrliyi ilə keçirilib.
Məhkəmə vəkillərdən birinin prosesə yubanmasına görə bir az gec başlayıb. İlk öncə hakim Ramil Həsənov məhkəməni açıq elan edib. Bundan sonra dövlət ittihamçısı İltifat Hüseynov jurnalist Fərahim İlqaroğlunu döyməkdə təqsirləndirilən Feyruz Termişiyə yönləndirilmiş ittihamları səsləndirib.
Daha sonra Feyruz Termişi ifadə verib: "Mən binanın qabağında dayanmışdım. Fərahim blokdan çıxdı. Yanımdan keçəndə dedi ki, "Burada niyə dayanmısan?” Sonra da getdi, mindi maşına... Sonra onu çağırdım. Söhbət elədik. Söhbəti xoşuma gəlmədi, vurdum”.
Hakimin F.Termişiyə "Özünüzü təqsirli bilirsinizmi” sualına cavab olaraq, Termişi bildirib ki, "Özümü qismən təqsirli bilirəm. Bu, olmaya da bilərdi. Amma işdi də olub”.
Bundan sonra dövlət ittihamçısı təqsirləndirilən şəxsə sualla verib:
- Siz həmin binanın qarşısına niyə getmişdiniz?
- Qız arxasına düşmüşdüm.
- Necə yəni..?
- Bir qız var. Onun orada qaldığını bilirdim. Getdim ki, tanış olum.
- Kimdir, o qız..? Adı nədir?
- Adını və kimliyini bilmirəm.
- Bəs tanımadığın bir xanımın arxasıyca niyə getmişdin?
- Tanış olmaq üçün... Bir iki dəfə metroda görmüşdüm. Ora kimi arxasına düşmüşdüm. Bilirdim ki, təqribi olaraq iki binadan birində qalır.
- Sən oraya kiminlə getmişdin?
- Aqşinlə...
- Aqşin kimdir?
- Dostumdur.
- Sən deyirsən ki, qızla görüşə getmisən. Qızla görüşməyə dostunu da aparmışdın?
- Tək getməmək üçün onu da çağırmışdım.
- Sənin dediklərin məntiqə uyğun gəlmir. Yəni inandırıcı gəlmir. Fərahim Qasımovu niyə vurdun?
- Sözləri xoşuma gəlmədi. Əsəbiləşdim, vurdum.
- Hansı sözü..?
- "Burda niyə dayanmısan?”
- Bəs onu vurdun və o, yerə yıxıldı. Bəs yerdə olanda niyə vururdun?
- Əsəbi idim. Gözüm heç nə görmürdü.
- F.Qasımov yerdə yıxılmış halda olanda sənə nə deyirdi?
- Deyirdi ki, "Məni niyə vurursan? Mən sənə nə eləmişəm?”.
Hakim: "İnsan nə qədər qəddar ola bilər ki, artıq yerə yıxılmış birinin başına təpiklə vursun”.
Daha sonra Fərahim Qasımovun vəkilləri Feyruz Termişiyə suallar ünvanlayıblar. Vəkil Elçin Sadıqovun Tural Bayramov haqda verdiyi suallara əsəbiləşən Feyruz Termişi onları cavablandırmaqdan boyun qaçırdı.
Ancaq təqsirləndirilən şəxs öz vəkilinin ona iradından sonra yenidən cavab verməyə davam etdi:
- Siz hadisədən sonra F.Qasımovdan üzr istədiniz?
- İstədim. Amma qayıdanda gördüm ki, əlində telefon var. Və kiməsə zəng vurur. Ona görə də, qaçdım. Sonra da saytlarda videonu gördüm.
- Siz öz ifadələrinizdə bildirmisiniz ki, siz Fərahim Qasımovu Tural Bayramovun sözünə görə, vurmusunuz.
Mən elə söz deməmişəm. Elə şey olmayıb.
- Axı sizin burada ifadəniz var və bu ifadəni siz, öz vəkilinizin iştirakı ilə vermisiniz. Və qol çəkmisiniz.
- Mən oxumamışam heç nəyi...
- Siz burada açıq-aşkar demisiniz ki, Tural Bayramovla söhbətiniz zamanı o deyib ki, "Fərahim adında bir jurnalist var. Neftçilər metrosunun yaxınlığında qalır. O, bizə qarşı çaşıb. Yamanca başımızı ağrıdır. Qanımızı qaraldır. İşlədiyi qəzetdə əleyhimizə yazılar yazır. Döyüləsi adamdır”. Siz də onun yanında hörmət qazanmaq üçün Fərahimi döymüsünüz. Bu ifadəniz əsasında Tural Bayramov, daha sonra isə deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da dindirilib.
Bundan sonra hakim həmin ifadələri səsləndirib. Daha sonra F.Termişi ifadələrdəki öz imzası və xətti ilə tanış edildi. O da ifadələrdəki imzalarını və xəttini təsdiq etdi.
Hakim Ramil Həsənov növbəti məhkəmə prosesini 22 oktyabra təyin etdi. Növbəti prosesdə zərərçəkmiş Fərahim İlqaroğlu və şahid qismində iştirak edən Aqşin Salayev ifadə verəcəklər.
Ümumilikdə məhkəmə prosesi normal keçsə də, məhkəmə bitdikdən sonra bəzi hadisələr diqqətimizdən yayınmadı.
Feyruz Termişi ilə istintaqa şahid qismində cəlb olunan Aqşin Salayevin digər otaqda görüşməsinə Penitensiar Xidmətin əməkdaşları tərəfindən şərait yaradıldı. Qanuna əsasən şahidlə təqsirləndirilən şəxsin görüşməsi yolverilməzdir.
Məhəmməd TÜRKMƏN, Musavat.com Fotolar müəllifindir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?