Yanvarın 21-nə təyin edilən “16 oktyabr 2013-ci il prezident seçkisi ərəfəsində hüquqi və siyasi mühitin demokratikləşdirilməsi imkanları” mövzusunda İctimai Forum təxirə salınıb. Tədbirin keçiriləcəyi vaxt hələlik məlum deyil. Bu barədə məlumatı İctimai Palatının Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal verib. Onun sözlərinə görə, tədbir yanvarın 15-20 tarixləri arasında olmalı idi: “Bir neçə yerə müraciət etsək də, tədbiri keçirə bilmədik. Sonda “Park İnn” hotelinə müraciət etdik. Qərara alındı ki, yanvarın 21-də 14:00-dan 16:00-a qədər hotelin “Nəsimi” zalında tədbir keçirək. Bu barədə hotel rəhbərliyi ilə razılaşma əldə olundu və biz hər kəsə məlumat verdik. Ancaq yanvarın 19-da günorta saatlarında rəhbərlikdən bizə dedilər ki, tədbir keçirə bilməyəcəyik”. Vidadi Mirkamal forumu keçirmək fikrində israrlı olduqlarını söydi: “Biz alternativ ünvanlar fikirləşirik. Çalışacağıq ki, İctimai Forumu keçirək”. Son zamanlar bu cür olayların baş vermə halları çoxalıb. QHT və siyasi partiyaların tədbirlərinin keçirilməsi ilə bağlı müqavilələrin pozulması adi hala çevrilir. Hyatt, Ambasador, Park İnn və digər hotellər sonda bu cür razılaşmalardan imtina ediblər.
Sorğu
Yeni dizaynımız necədir?