Yaxınları onun yaxın zamanlarda Tiflisə gəlməsini mümkünsüz sayır Keçmiş spiker Rəsul Quliyev 2015-ci il parlament seçkiləri öncəsi Azərbaycana qayıdacaq. Publika.az-a özəl mənbədən daxil olan məlumata görə, R. Quliyev uzun müddətdir Azərbaycana dönməyi və siyasi həyata yenidən başlamağı düşünür. “Bunu üçün ABŞ-da müxtəlif dairələrdən dəstək əldə etməyə çalışır. İndiyə qədər ABŞ siyasi dairələri onun bu istəyini o qədər də ciddiyə almırdılar, lakin gələn il parlament seçkiləri öncəsi onun Bakıya gəlməsi və ölkədə siyasi müxalifətin güclənməsinə dəstək verməsi gözlənilir”, - deyə mənbə bildirib. Mənbə onu da qeyd edib ki, R. Quliyev Bakıya gələ bilməsə, Azərbaycana sərhəd olan ölkələrin birində məskunlaşacaq və beləliklə, ölkədəki proseslərə daha yaxın olmağı düşünür. Bu ölkə Rusiya deyil, çünki son proseslərdən sonra ABŞ-dan Rusiyaya gəlib burda Azərbaycandakı siyasi proseslərə qoşulmaq çətindir. Məlumata görə, R. Quliyev optimal variant kimi Gürcüstanı düşünür. Hətta bunun üçün müəyyən fəaliyyətə başladığı da deyilir. Qeyd edək ki, bir müddət öncə R. Quliyev Publika.az-a müsahibəsində Azərbaycana qayıtmaq məsələsinə toxunarkən qonşu ölkələrin birində yerləşməyi istisna etməmişdi. “Türkiyə, Rusiya və Gürcüstan variantları var, amma bu ölkələrin hökumətləri məni bu ölkəyə buraxmır. Şərait elə gətirib ki, həmin bu 3 sərhəd ölkədə Avropa dəyərlərini qəbul edən hökumətlər formalaşmayana qədər oralara gəlmək problemə çevriləcək. İranda isə proqressiv qüvvələr nəhayət islam fundamentalizmini üstələsələr mənim yaxın ölkələrə gəlmək şansım reallaşacaq”, - deyə eks-spiker bildirmişdi. R.Quliyevin yaxınları isə müsavat.com-a bildiriblər ki, sabiq spikerin Tiflisə gəlib-gəlməyəcəyi haqda onlarda dəqiq məlumat yoxdur: “Amma onun Tiflisə yaxın vaxtlarda gəlməsi inandırcı deyil. Çünki Rəsul Quliyev bu yaxınlarda ağır cərrahi əməliyyat keçirib və bu üzdən yaxın müddətdə uzaq səfərlərə çıxması mümkünsüzdür”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?