Nazirlik Azərbaycana yararsız və qanunsuz dərmanların hansı ölkələrdən gətirildiyini niyə ifşa etdi? Dünyada elm, texnika, səhiyyə inkişaf etdikcə xəstəliklərin sayı da artır. Bu günümüzdə də tibb aləminin çarəsini tapmaqda aciz qaldığı xəstəliklər var. Bəzi xəstəlikləri isə dərdimizə əlac etmək üçün qəbul etdiyimiz dərmanlar vasitəsilə qazanırıq. Bu gün respublikamızdakı apteklərin əksəriyyətində dünyanın bir çox ölkələrindən gətirilən dərmanlar satılır. Ölkə əhalisinin əksər hissəsinin imkansız olduğunu və bundan istifadə etmək istəyən işbazlar isə daha çox şərq ölkələrindən ucuz dərmanlar idxal etməyə üstünlük verirlər. Avropa ölkəri istehsalı olan dərmanlardan bir neçə dəfə ucuz olan həmin dərmanlar isə çox vaxt heç bir müsbət təsir göstərmir. Tam əksinə, belə dərmanlar bir çox hallarda vətəndaşların həyatını və sağlamlığını təhdid edən əsas vasitəyə çevrilir. Bunun qarşısını almaq üçün isə ilk növbədə Oqtay Şirəliyevin rəhbərlik etdiyi Səhiyyə Nazirliyindən böyük gözləntilər var. Bu mənada Səhiyyə Nazirliyinin iki gün əvvəlki açıqlamasını təqdirlə qarşılamaq lazımdır. Belə ki, Şirəliyevin nazirliyi Azərbaycana yararsız və qanunsuz dərmanların ən çox gətirildiyi ölkələrin siyahısını açıqlayıb. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib ki, ölkəyə yararsız dərmanlar müxtəlif ölkələrdən – Türkiyə, Rusiya, Polşa, Rumıniyadan gətirilir. Onun sözlərinə görə, Azərbaycanda həmin dərmanlar dövlət qeydiyyatına alınmır. Müxtəlif dərman preparatlarının Azərbaycana idxal olunması üçün ilk olaraq yoxlanıldığını, qeydiyyat prosesinin aparıldığını deyən P.Əzizbəyov qeyd edib ki, bundan sonra onların hansı qutu formasında, yazıda, dildə idxal olunması təsdiqlənir: “Bir də görürsən ki, hansısa ölkənin daxili bazarı üçün istehsal olunmuş dərman qanunsuz olaraq Azərbaycana gətirilir və bu da dövlət qeydiyyatından keçirilmir. Belə dərmanlar Türkiyə, Rusiya, Avropa ölkələrindən – Polşa, Ruminiyadan gətirilir. Bunlar digər ölkələrin bazarı üçün istehsal olunur və Azərbaycan bazarı üçün qeydiyyatdan keçməyən halda satışa çıxarılır. Belə hallar aşkar olunduğu halda, onlar satışdan çıxarılır”. Nazirlik rəsmisi qeyd edib ki, dövlət qeydiyyatından keçməyən və analiz protokolu olmayan dərmanlar yararsız dərmanlar hesab olunur. Hindistandan gətirilən dərmanlarla bağlı vəziyyətə də aydınlıq gətirən P.Əzizbəyovun sözlərinə görə, bu gün Hindistan dərmanları bazarda olan dərman preparatlarının təxminən 4%-ni əhatə edir: “Bu preparatlar da ÜST-nın standartları əsasında zavodlarda istehsal olunan dərmanlardır. Bir neçə il öncə Hindistan dərmanları bazarda çoxluq təşkil edirdi. Amma görülən işlər nəticəsində yalnız sertifikatlı dərmanların ölkəyə idxalına icazə verilib ki, bu da qeydiyyatda olan preparatların 4-5 %-ni təşkil edir”. Ekspertlər Səhiyyə Nazirliyinin bu açıqlamasını “dərman mafiyası”na ciddi zərbə hesab edir və eyni zamanda bunun tezliklə əhalinin sağlamlığı hesabına qaz vurub qazan doldurmaq istəyənlərə qarşı növbəti ciddi tədbirlər görülə biləcəyinin anonsu sayırlar. Hələ bir il əvvəl mətbuat yazırdı ki, Azərbaycanda dərman istehsal etmək üçün maraq göstərən xarici şirkətlər də var. Hətta Səhiyyə Nazirliyinə İngiltərə, Misir, Türkiyə şirkətləri və digər ölkələrin şirkətləri Azərbaycanda dərman istehsal etmək üçün zavod açmaq üçün müraciət edib. Amma hələlik bu istiqamətdə konkret nəticə yoxdur. Hər bir halda ölkəyə dərman istehsalı üzrə çağdaş texnologiyalar gətirməklə bu təbii qaynaqları insanların sağlamlığına xeyir verəcək hala gətirmək lazımdır. Bir sözlə, Səhiyyə Nazirliyi sözügedən istiqamətdə səylərini artırmalı, “dərman mafiyası”nın çöküşünü sürətləndirəcək daha təsirli addımların atılmasına çalışmalıdır. Düzdür, bu müəyyən işbazların əllərindəki təsir imkanlarını adıçəkilən nazirliyə və nazirliyin rəhbərliyinə qarşı yönəltməsinə də səbəb ola bilər. Amma bu Şirəliyevi və onun nazirliyini çəkindirməməlidir. Axı vətəndaşların sağlamlığı hər şeydən əvvəl gəlir. Ələlxüsus da kimlərinsə qanunsuz yollarla varlanmaq niyyətlərindən!
Sorğu
Yeni dizaynımız necədir?