N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev açıqlamasında belə bir məlumatın elmə məlum olmadığını deyib. O bildirib ki, elmi dairələrdə belə bir söhbət yoxdur, bu barədə yayılan xəbərlər boş söhbətdir: “Günəş tutulması ola bilər. Amma bunun nəticəsində yerin qaranlığa qərq olacağı ilə bağlı məlumat yoxdur. NASA-da gördüklərimiz və mütəmadi izlədiyimiz xəbərlərdə belə məlumata rast gəlməmişəm. Bunlar hamısı yanlış xəbərlərdir və insanları təlaşlandırmaq məqsədilə edilir”.
Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri Namiq Cəlilov da açıqlamasında NASA-nın saytında belə bir informasiyanın olmadığını söyləyib. Onun sözlərinə görə, bu barədə başqa saytlar da yazırlar, amma NASA-nın rəsmi saytında belə bir məlumat yoxdur. Şöbə müdiri qeyd edib ki, günəş aktivliyinin proqnozunu əvvəldən vermək mümkün deyil: “Bu proqnozu ancaq 3-4 gün əvvəl vermək olar. Uzunmüddətli proqnozlar vermək, indidən dekabrda günəşlə bağlı hansısa proqnoz irəli sürmək mümkün deyil. Mən də bu məlumatı oxudum. Bu informasiyaya skeptik yanaşıram. Hər gün NASA-nın saytına da baxıram. Amma belə proqnozlar vermək üçün əsas görmürəm. Çünki Günəşdə mürəkkəb fiziki proseslər gedir və əvvəlcədən dekabrda nə olacağına dair məlumat vermək mümkün deyil”.
Mütəxəssis qeyd edib ki, Günəşdə partlayışlar mütəmadi olur, amma onun yerə tuşlanıb-tuşlanmayacağını heç kim deyə bilməz. Onun fikrincə, yerə yönəlmə ehtimalını hesablamaq çətin məsələdir: “Bu məlumatla tanış olmuşam. Çox güman ki, NASA-nın adından kimsə yazıb. NASA-nın belə bir məlumatı rəsmi şəkildə bəyan etməsinə inanmıram”.
Qeyd edək ki, bir müddət öncə “Amerika Milli Kosmik Agentliyi” (NASA) adından bu ilin dekabr ayında dünyanın yarısının 3 gün müddətinə qaranlığa qərq olacağı barədə xəbərlər yayılıb. Bu xəbərlərə əsasən guya NASA rəsmiləri 21, 22, 23 dekabr tarixlərində günəş fırtınasının baş verəcəyini, bu səbəbdən dünyanın bir hissəsinin günəşi görə bilməyəcəyini bildiriblər. (APA)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?