"Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3B ünvanında ağac kəsilməsi faktı ilə əlaqədar nazirliyin əməkdaşları hadisə yerində araşdırma aparıb".
Bunu aktual.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.
O deyib ki, araşdırma zamanı sözügedən ünvanda Quliyev Araz İman oğlu adına 0,4 hektar torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış olduğu, lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin ekspertiza rəyi olmadığı aşkar olunub: "Sözügedən əraziyə baxış zamanı ərazidə müxtəlif cinsli ağacların kəsildiyi məlum olub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə görə, təqsirkar şəxs olan Quliyev Araz İman oğlu törətdiyi inzibati xətaya görə 19 min 200 manat məbləğində cərimə edilib".
Xatırladaq ki, bu ərazidə ağacların qanunsuz kəsilməsi ilə bağlı mətbuata deputat İqbal Ağazadə noyabrın 2-nə keçən gecə məlumat verib. O bildirib ki, hazırda seçicilərinin yaşadığı Xətai rayonu, İnqilab İsmayılov küçəsinin 3, 4 və 5-ci binalarının sakinləri gecə saatları olmasına baxmayaraq ayağa qalxıblar. Buna səbəb ərazidəki çoxillik ağacların ekskavatorlarla kökündən çıxarılmasıdır: "Təxminən 20 böyük ağacı məhv ediblər. Etiraza qalxan sakinlərə polis müdaxiləsi olub. Hazırda ərazinin polis rəisi də buradadır. Onunla danışdıq, saxlanan sakinlər buraxıldı”.
Virtualaz.org saytı isə dəqiqləşdirə bilib ki, həmin ərazini metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığındakı ticarət yarmarkasının sahibi, “Qozbel İman” kimi tanınan naxçıvanlı iş adamı İman Quliyev alıb, yaşıllığı da onun adamları məhv edib. Bunu təsdiqləyən daha bir fakt ETSN-in cərimələdiyi şəxsin ad-soyad və atasının adıdır - Quliyev Araz İman oğlu...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?