Hazırda Astara rayonuna rəhbərlik edən Qəzənfər Ağayevlə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-a müraciət edən astaralılar bildirir ki, havaların soyuması ilə əlaqədar rayonda çox ciddi problemlər üzə çıxsa da, yerli icra strukturları sanki baş verənlərin onlara aidiyyatı yoxmuş kimi davranaraq yaxalarını kənara çəkirlər.
Sakinlər redaksiyamıza yazır: «Bu gün orta məktəblərə, uşaq bağçalarına ayrılan yanacağın nəzarəti icra hakimiyyətlərində olduğundan və hələ yanacaq ayrılmadığından körpələrimiz soyuqdan donma təhlükəsi ilə üz-üzə qalıblar. Bununla bağlı yerli təhsil şöbəsinə şikayət edirik və cavab olaraq eşidirik ki, icra hakimiyyəti təhsil müəssisələrinə yanacaq ayırmadığından yerli təhsil idarəsinin rəhbərliyi həmin yanacağı şəxsi pulu ilə almaq zorundadır».
Sakinlər bildirir ki, təhsil idarəsindən orta məktəblərə yanacaq porsiya-porsiya verildiyindən, havaların qəfil soyuması orta məktəb və uşaq bağçalarında ciddi problemin yaranmasına gətirib çıxarıb: «Biz məcburuq ki, övladlarımızı məktəbə buraxmayaq. Çünki icra hakimiyyəti şikayətləri qulaqardına vurur. 21-ci əsrin neft ölkəsi olan Azərbaycanda orta məktəblərdə odun peçi yandırılırsa, uşaqlar oduna göndərilirsə, uşaqlarını isindirmək üçün valideynlər odun almaq, yanacaq almaq zorunda qalırlarsa, artıq bunun adına özbaşınalıq demək lazımdır».
Sakinlər bildirir ki, əgər vəziyyət bu şəkildə davam edərsə, o zaman Astarada total savadsızlıq olacaq: «Ən azından havalar isinənə qədər uşaqlarımızı məktəbə göndərməyəcəyik. İcra hakimiyyəti onları düşünmürsə, biz düşünürük»…
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?