Öz korruptiv əməllərinə Əli Məmmədov “bəraət” qazandırmaq üçün günahı Rayon İcra Hakimiyyəti Başçısının üzərinə yıxır
İki il əvvəl istifadəyə verilmiş Beyləqan Mərkəzi Rayon Xəstəxanası üç hektar ərazidə inşa olunmuşdur. Xəstəxananın ikimərtəbəli binasının ümumi ərazisi 11 min kvadratmetrdir. Maddi-texniki bazası müasir avadanlıq və inventarla təmin olunub. Beyləqan səhiyyəsinin taleyi ülgüc altında Lakin çox təəssüflər olsun ki, bunca gözəl xəstəxana, onun çoxsaylı tibb personalı, ümumiyyətlə, Beyləqan səhiyyəsi yarıtmaz bir şəkildə idarə olunur və bu üzdən rayonda tibbi xidmətin səviyyəsi gün-gündən aşağı düşür. Hərçənd, mərkəzi xəstəxananın baş həkimi Əli Məmmədov çox enerjili adamdır və hər “işıq gələn” yerdən pul qazanmağı bacarır. Aydın məsələdir ki, həkim məvacibi ilə dolanışığı təmin etmək çətindir. Odur ki, Əli həkim zəhmətə toplaşıb əlinə ülgüc alıb sünnət dəlləyliyi ilə məşğuldur. Bu fəaliyyət növü onda yaxından təmasa meyli artırdığından, xəstəxananın hansı şöbəsinə olurn-olsun, müraciət edən xəstələri özü şəxsən qəbul edir, onları müayinə edir, qiymət kəsmək məsələsində də şöbə müdirlərinə etibar etmir. İnventar və avadaqlıqların satın alınmasında, iş və xidmətlərin görülməsi üzrə tenderlərdə qanunsuzluqlara rəvac verən baş həkim özünə yaxnı şirkətlərin rəhbərləri ilə korruptiv sövdələşmələrə gedərək, “Dövlət Satınalmaları haqqında” Qanunu pozur, tenderlərdə ədalət və şəffaflıq prinsiplərini ayaqlayır. KİV-də bu növ cinayət nəticəsində Əli Məmmədovun mənimsədiyi vəsaitin kəmiyyəti açıqlanır. Amma biz dəqiq rəqəmlər göstərməkdən çəkinirik. Çünki Əli həkimin tamahı hüdudsuz olduğundan, səhv etmək ehtimalımızın çoxluğunu yaxşı bilirik.
Bütün bunlar azmış kimi, xəstəxanada əhəmiyyətli, strateji vəzifələrə öz qohum-əqrəbasını yerləşdirən Əli Məmmədov dövlət müəssisəsini sanki özəl biznes subyektinə çevirib. Nəinki tibbi xidmətdən istifadə edən adi vətəndaşlara, hətta imtiyazlı qrupdan olan xəstələrə (şəkərli, talassemiyalı və s.) belə dərmanları pulsuz vermək istəməyən baş həkim resept yazıb onları əlaqə qurduğu özünə simsar aptekçilərin üstünə göndərir. Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu yay Maliyyə Nazirliyinin təftiş qruppu Beyləqan RMX-da yoxlama apararaq, külli miqdarda korrupsiya hüquqpozmalarının və maliyyə pozuntusunun üstünə açıblar. Baş həkim həm çatışmayan vəsaitin yerini doldurrmaq, həm də müfətişlərə “hörmət” eləmək adı ilə işçilərdən böyük kəmiyyətdə pul toplayıb. Bunun səbəbini köhnə baş həkimdən miras qalan problemlərlə əlaqələndirən Ə.Məmmədov məlumata görə, işi həmin kəmiyyətin yarısı ilə “yola verib”, qalan yarısını da özü “həzm rabe”-dən keçirib.
Xəstəxanada göstərilən bütün növ tibbi xidmətlərə - cərrahi əməliyyatlara, doğuşa, rentgen, qan analizi, ultrasəs müayinəsinə və s. özünün rüşvət tarifini təyin edən Əli Məmmədovun yarıtmaz idarəçilik siyasətinin acı nəticəsidir ki, bu gün Beyləqan sakinləri tibbi xidmət üçün paytaxt Bakıya və ya İrana üz tuturlar. Öz korruptiv əməllərinə Əli Məmmədov “bəraət” qazandırmaq üçün günahı Rayon İcra Hakimiyyəti Başçısının üstünə yıxmağa çalışır. Məhrəm məclislərdə söhbətində vurğulayır ki, rayon rəhbərliyi Beyləqana gələn qonaq-qaranı qarşılamaq xərcinin hesabını məhz onun üstünə göndərir. Əlbəttə ki, biz Əli Məmmədovun qondarma arqumentlərinə inanmırıq. İnanırıq ki, Beyləqan rayon rəhbərliyi, rayon prokurorluğu bütün bu məsələləri araşdırmağın zəruriliyinin fərqindədirlər.
Mövzu davam edəcək və növbəti günlərdə Əli Məmmədovun gügü gündən artan qanunsuzluğlarını və rəvac verdiyi korrupsiyasından, qohumbazlıq siyasətindən söz açacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?