Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun zabiti Xalid Şirəliyev noyabrın 3-də müəmmalı şəkildə qətlə yetirilib. Hərbi Polisin əməkdaşları tərəfindən oktyabrın 31-də evindən aparılan mərhum zabitin nəşi «Semaşko»dakı morqdan tapılıb.
Qohumlarının JAM.AZ-a dediyinə görə, Müdafiə Nazirliyi də baş verən olayla bağlı nə açıqlama verib, nə də hər hansı bir münasibət bildirib. «Belə çıxır ki, əsgər və zabitlərimizin ermənilər tərəfindən öldürülməsinə gərək yoxdur. Elə özümüzkülər özümüzün qəniminə çevrilmişik. Müdafiə Nazirliyi qətldən 3 gün keçməsinə baxmayaraq, hələ də heç bir açıqlama yaymayıb. Hadisənin necə baş verdiyi, kimlər tərəfindən törədildiyi barədə bircə kəlmə də danışmırlar. Nazirlik susur. Niyə? Məgər, Xalid Şirəliyev Azərbaycan Ordusunun zabiti deyildimi? Onun müəmmalı ölümü, daha doğrusu, öldürülməsi nazirlik üçün əhəmiyyətli hadisə sayılmırmı?».
Qohumlarının dediyinə görə, Xalid Şirəliyevin qətlə yetirilməsində onun bəzi cinayət xarakterli işlərdən məlumatlı olmasının rolu olub. Onların sözlərinə görə, hətta sonuncu dəfə Biləcəridəki Hərbi Polisdə onunla zabitlər arasında ilginc dialoq da olub. Həmin dialoq hansısa əsgərin qətli ilə bağlı olub ki, bunun da kimlərinsə xoşuna gəlməməsi mümkündür. «Həmin dialoqun canlı şahidi Xalidin anası olub. Baş verən hadisədən şok vəziyyətində olan mərhumun anası danışa bilmir. Özünə gəldikdən sonra bununla bağlı geniş açıqlama verəcək».
Digər bir maraqlı məqam odur ki, Şirəliyevin qətli ilə bağlı cinayət işi qaldırılmayıb. Bunun səbəbinin nə olduğu isə müəmma olaraq qalır.
Məsələ ilə bağlı araşdırmamız davam edir.
Xatırladaq ki, Xalid Şirəliyev 7gun.az saytının rəhbəri Cavid Şirəliyevin qardaşıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?