Moskva polisinin xüsusi təyinatlıları yollarda tələ qurub sürücüləri öldürən, İŞİD-ə bağlı olduğu bildirilən banda üzvlərinin tutulmasının ardınca daha bir əməliyyat keçiriblər.
Bu dəfə yaxalananlar azərbaycanlılardan ibarət olan və elə azərbaycanlı iş adamlarını oğurlayan, qətllər həyata keçirən reket bandasının üzvləridir.
Virtualaz.org saytı xəbər verir ki, əməliyyatı Moskva polisinin Cinayət Axtarış İdarəsi “SOBR” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri ilə birlikdə noyabrın 6-da keçiriblər.
Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin yaydığı rəsmi məlumata görə Lenin prospektində yerləşən otelin bilyard zalında keçirilən əməliyyat zamanı azərbaycanlılardan ibarət bandanın beş nəfər üzvü, o cümlədən cinayətkar qruplaşmanın “Zayka” ləqəbli rəhbəri yaxalanıb.
Saxlanılanların yaşadıqları ünvanlarda keçirilən axtarış zamanı “Kalaşnikov” avtomatı, PSM və “Valter” tapançaları, “Sayqa” karabini, travmatik tapança, yüzlərlə patron, maska, zirehli jiletlər, polis forması və s. tapılıb.
Yaxalanarkən kriminal aləmdə “Zayka” kimi tanınan banda rəhbərinin üzərindən İJ tapançası və patronlar götürülüb.
Hüquq-mühafizə orqanları bildirir ki, azərbaycanlılardan ibarət banda Moskvada azərbaycanlı biznesmenləri oğurlayaraq onlardan külli miqdarda pul almaqla məşğul olublar. Belə cinayətlərdən biri 2014-cü ilin avqustunda baş verib. Naməlum maskalılar Bulatnikovsk keçidində silahla hədələyərək azərbaycanlı biznesmeni oğurlayıblar. Biznesmeni ona məxsus “Mercedes” avtomobilinə mindirərək Moskva vilayətinə aparıblar, orada onu işgəncə və öldürməklə hədələyərək 50 milyon rubl tələb ediblər.
Sonda banda üzvləri bu məbləğin bir hissəsini alıblar və biznesmeni buraxıblar. Banda üzvlərinin dəfələrlə bu cür cinayətlər törətdikləri, oğurladıqları azərbaycanlı biznesmenlərin təkcə pullarını deyil, qiymətli əşyalarını, maşınlarını da qəsb etdikləri məlum olub. Onlar oğurladıqları adamlara amansız işgəncələr veriblər.
Moskva polisinin malik olduğu dəlillərə görə saxlanılanlar həmçinin Moskvanın “Sadovod” bazarında onlara haqq verməkdən imtina edən azərbaycanlı biznesmeni 2013-cü ildə oğurlamaqda və öldürməkdə şübhəli bilinirlər.
Bundan əlavə onlar məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin qruplaşmasının liderlərindən birini öldürüblər. “Zayka”nın bandasının R.Lənkəranskiyə rəqib qruplaşmaya daxil olduğu bildirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?