Moskvada azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.
Bu haqda Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib. Onun sözlərinə görə, azərbaycanlı Rusiyada 20 ildir başqa adla gizlənirdi. Nazirliyin rəsmi nümayəndəsi qeyd edib ki, Azərbaycanın 49 yaşlı sakini 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub. “Fiqurant 1997-ci ildən cinayət məsuliyyətindən gizlənirdi. O, SSRİ-nin başqa vətəndaşının pasportundan istifadə edərək Rusiya Federasiyasının vətəndaşlığını və Rusiya ümumvətəndaş pasportunu alıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Azərbaycan Respublikasında bu məlumatlar altında tamamilə başqa insan yaşayır”, - Volk deyib. Onun Rusiya Milli Qvarsiyasının dəstəyi ilə Miçurin prospektində saxlanıldığı bildirilir. İrina Volk dəqiqləşdirib ki, fiqurantın Rusiya vətəndaşlığı artıq ləğv edilib və ona verilmiş pasportlar etibarsız hesab edilib. Azərbaycanlının kirayə yaşadığı mənzildə axtarış zamanı “İJ-70 və “Brauninq” markalı tapançalar, 9 millimetr kalibrli 23 güllə və başqa anket məlumatları ilə Qazaxıstan vətəndaşına məxsus saxta pasport aşkar edilib. Saxlanılan barəsində qanunsuz silah dövriyyəsi ilə bağlı cinayət işi qaldırılıb və həbs qətimkan tədbiri seçilib. İdarənin nümayəndəsi bildirib ki, onun Azərbaycana ekstradisiyası planlaşdırılır. Azərbaycanlının Rusiya ərazisində başqa cinayətlərdə iştirakı yoxlanır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?