Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Şaiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib.
Zərərçəkmiş şəxs qismində məhkəməyə veridyi ifadəsində Şölə Səfərova həbsdə olan qardaşı və qaynının həbsdən azad olunması üçün Şaiq Hüseynova 80 min manat verdiyini göstərib. Lakin onlar azad olunmadıqlarından Ş. Hüseynovdan hüquq-mühafizə orqanlarına şikayət edib.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində keçmiş icra məmuru Hüseyn Şaiq Şadman oğlu 12 aprel 2014-cü ildə həbs edilib. Məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Ş. Hüseynov dələduzluqda ittiham olunur.
Sabunçu rayon, Bakıxanov qəsəbə sakini, 1977-ci il təvəllüdlü Səfərova Şölə Mirzəkişi qızı hüquq-mühafizə orqanlarına müraciət edərək 70 min manat pulunun dələduzluq yolu ilə mənimsənildiyini bildirib. Qadın qeyd edib ki, qardaşı bir müddət əvvəl həbs edilib. Qardaşının həbsdən azad edilməsi və ya cəzasının yüngülləşdirilməsi məqsədi ilə Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində məhkəmə icraçısı işləyən ədliyyə kapitanı Hüseyn Şaiq Şadman oğlu ilə tanış olub.
Ş.Hüseynov qadını ona kömək edəcəyinə inandırıb və ümumilikdə 70 min manat pul alıb. Ş.Səfərova daha sonra pulu geri istəsə də, buna nail ola bilməyib.
Şaiq Hüseynov keçmiş deputat, mərhum Şadman Hüseynovun oğludur. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?